HÜSEYNOV Hidayәt Mәhәmmәd oğlu (d. 20.1.1951, Gürc.-nın Qardabani r-nunun Ağtәhlә k.) – Azәrb. riyaziyyatçısı, fizikariyaziyyat e. d. (1998), prof. (2000). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1973). Azәrb. EA-nın Riyaziyyat vә Mexanika İn-tunda kiçik elmi işçi, böyük elmi işçi vәzifәlәrindә çalışmışdır (1973–90). 1990 ildәn BDU-nun tәtbiqi riyaziyyat kafedrasında çalışır. Tәdqiqatları diferensial operatorların spektral nәzәriyyәsinә, diferensial vә fәrq operatorlarının tәrs mәsәlәlәrinә aiddir. O, birölçülü Şrödinger tәnliyinin әksolunma әmsallarının kәsilmәzliyinin isbatını vermiş, Şturm–Liuvill operatoru üçün spektral analizin tәrs mәsәlәsini hәll etmişdir. 70-ә yaxın elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










