HÜSEYNOV Rafiq Hüseyn oğlu (14.11.1944, Ağdam r-nun Gülablı k. – 5.4.2021, Bakı) – Azәrb. musiqiçisi, gitaraçalan. Azәrb. Resp. xalq artisti (2014). 1966–83 illәrdә Ə.Bakıxanovun, G.Əliyevanın, B.Salahovun, Z.Xanlarovanın ansambllarında әvvәl tar, sonra gitara çalmışdır. 1983 ildәn Azәrb. Teleradio Şirkәtinin (indiki Azәrb. Televiziya vә Radio Verilişlәri QSC) solisti olmuşdur. Azәrb.-da, elәcә dә bir sıra xarici ölkәdә konsert proqramları ilә çıxış etmişdir. Virtuoz gitaraçı olan H.-un repertuarında muğamlar, bәstәkar mahnıları (C.Cahangirov, T.Quliyev, R.Mirişli, E.Sabitoğlu, Ə.Tağıyev vә b.), dünya xalqlarının musiqisi geniş yer tuturdu.










