HÜSEYNOV Yusif İsmayıl oğlu (15.10. 1928, Bakı – 1.9.2009, Bakı) – Azәrb. boyakarı. Azәrb. SSR xalq rәssamı (1979). Ə.Əzimzadә ad. Azәrb. Dövlәt Rәssamlıq Mәktәbini (1949) vә V.İ.Surikov ad. Moskva Rәssamlıq İn-tunu (1955) bitirmişdir. 1977–87 illәrdә SSRİ Rәssamlar İttifaqı İdarә heyәtinin katibi vә Azәrb. SSR Rәssamlar İttifaqı İdarә heyәtinin sәdri olmuşdur. Tәsviri sәnәtin müxtәlif janrlarında әsәrlәr yaratmışdır. Daha çox iri hәcmli akvarel silsilәlәri üzәrindә işlәmişdir (“Xınalıq lövhәlәri”, 1964; “Xәzәr balıqçıları”, 1967). Azәrb. yazıçılarının әsәrlәrinә (N.Nәrimanov, “Bahadır vә Sona”; A.Şaiq, “Seçilmiş әsәrlәr” vә s.), uşaqlar üçün tәrtib olunmuş kitablara (“Əkil-bәkil”, “İtirilmiş açar”, “Cücәlәr” vә s.) illüstrasiyalar çәkmişdir. Rәngli avtolitoqrafiyaları (“Xәzәrin әnginliklәrindә”, 1963 vә s.) var. 70-ci illәr yaradıcılığında plakatlar (“Nәsimi”, 1974) vә boyakarlıq әsәrlәri (“Qürub”, 1972; “Dostlar”, 1975, “Balıqçılar”, 1977; “Toy”, 1982) mühüm yer tutmuşdur. Əsәrlәrindә lakoniklik vә monumentallıq, zәrif kolorit vә lirizm aydın nәzәrә çarpır. “Nizami”, “Xәtai”, “Füzuli”, “Əcәmi Naxçıvani” vә b.-nın portretlәrini yaratmışdır. 1961 ildәn Ə.Əzimzadә ad. Rәssamlıq Mәktәbindә, 1964 ildәn Azәrb. Dövlәt İncәsәnәt İn-tun-da (1968 ildәn rәsm kafedrasının müdiri; 1981 ildәn prof.) pedaqoji fәaliyyәt göstәrmişdir. Azәrb. SSR Ali Sovetinin (10–11-ci çağırış) deputatı olmuşdur.










