HǗYGENS (Huygens) Xristian (14.4. 1629, Haaqa – 8.7.1695, Haaqa) – Niderland mexaniki, fiziki, riyaziyyatçısı, astronomu, işığın dalğa nәzәriyyәsinin banisi. London Kral Cәmiyyәtinin ilk әcnәbi üzvü (1663). Paris EA-nın yaradılmasında yaxından iştirak edәn H. 1666 ildә oranın hәqiqi üzvü seçilmişdir. Leyden vә Breda universitetlәrindә hüquq vә riyaziyyat ixtisasları üzrә tәhsil almışdır (1645–49). 22 yaşında çevrәnin, ellipsin vә hiperbolanın qövslәrinin uz-nun (kvadraturasının) hesablanması haqqında mәqalәsini çap etdirmişdir. O, pәdәdinin qiymәtini çox böyük dәqiqliklә hesablamışdır. Ehtimal nәzәriyyәsi üzrә ilk tәdqiqatlardan biri sayılan “Zәr oyununda hesablamalar haqqında” traktatını 1657 ildә nәşr etdirmişdir. R.Hukla birlikdә termometrin fiksә edilmiş (sabit) nöqtәlәri olaraq buzun әrimә vә suyun qaynama nöqtәlәrini qәbul etmişdir. Obyektivlәrinin işıq gücünün artırılması vә xromatik aberrasiyanın aradan qaldırılması hesabına astronomik boruların tәkmillәşdirilmәsinә nail olmuşdur. Saturnun peyki Titanı 1655 ildә kәşf etmiş vә onun fırlanma periodunu tәyin etmişdir. Saturnun nazik halqa ilә әhatә olunduğunu, bu halqanın ekliptika müstәvisinә nәzәrәn meyilliyini vә onun sәthinә toxunmadığını tәyin edәn H. bütün bu mәlumatları “Saturn sistemi” adlı (1659) әsәrinә daxil etmiş, ilk dәfә olaraq bu әsәrdә Orion bürcündәki dumanlığın, Yupiter vә Mars sәthindә müşahidә olunan zolaqların tәsvirini vermişdir.
Astronomik müşahidәlәr zamanın dәqiq vә asan üsulla ölçülmәni tәlәb edirdi. H. ilk anker mexanizmli kәfkirli saatı ixtira etmişdir. “Kәfkirli saatlar” әsәrindә (1658) fiziki rәqqasın ağırlıq mәrkәzinin hәrәkәtini nәzәri tәdqiq etmişdir.
1681 ildә Parisdәn vәtәnә qayıtmış, öz dövrü üçün rekord fokus mәsafәlәrinә malik obyektivlәrin (37, 54 vә 63 m) cilalanması ilә mәşğul olmuşdur. Sonralar onun adını daşıyan iki müstәvi-qabarıq linzadan ibarәt okulyar konstruksiya etmiş (indiyә qәdәr tәtbiq olunur), teleskopun böyütmә dәrәcәsini 92-yә çatdırmışdır. “İşıq haqqında traktat” (1690) әsәrindә H. ilk dәfә işığın dalğa nәzәriyyәsini aydın bir şәkildә ifadә etmiş, biroxlu kristallarda işığın sınmasını, qoşaşüasınmanı vә dıgәr optik hadisәlәri özünün işlәyib hazırladığı dalğaların yayılma prinsipinә (bax Hüygens–Frenel prinsipi) әsasәn izah etmişdir.










