XACƏ (
), x o c a – orta әsrlәrdә islam dövlәtlәrindә yüksәk vәzifәli vә hörmәtli şәxslәrә verilәn lәqәb. Ağ Orda, Göy Orda vә Cağatay xanları arasında “X.” lәqәbli hökmdarların olması bunun qәdim türk vә moğol әnәnәsindәn gәldiyi fikrinә әsas versә dә, “X.” sözünün türk vә ya fars mәnşәli olması dәqiq deyil. X. lәqәbinin dövlәt adamlarına şamil olunması Samanilәrdәn başlamış, Qәznәvilәrdә rәsmi status almışdır. Sonralar Sәlcuqilәr (mәs., Xacә Nizamül mülk), Xarәzmşahlar, Elxanilәr, Teymurilәr, Qaraqoyunlular vә Ağqoyunlularda da eyni anlamda işlәdilәn bu söz Sәfәvilәrdә әhәmiyyәtini itirmişdir. Orta әsrlәrdә Hindistanda qurulmuş bәzi dövlәtlәr dә mәnsәb sahiblәri X. (daha dәqiq, “Xaceyi-cahan”) adlandırılmışdır. X.lәqәbi dövlәt adamları ilә yanaşı, filosoflar (mәs., Xacә Nәsirәddin Tusi), sufi şeyxlәri (mәs., Xacә Abdullah Ənsari), şairlәr, әdiblәr vә b.-na da şamil olunmuşdur. Orta әsr mәnbәlәrindә “Xaceyi-alәm” (“Kainatın rәhbәri”), “Xaceyi-cahan” (“Dünyanın rәhbәri”) kimi adlar xüsusi olaraq Mәhәmmәd peyğәmbәr üçün istifadә edilirdi. Xacәqan vә nәqşibәndiyyә tәriqәtlәrinin böyük şeyxlәrinә, Orta Asiyada Əbu Bәkrin nәslindәn olanlara, Misirdә Mәmlüklәr dövründә vә sonralar qeyri-әrәb, xüsusilә avropalı tacirlәrә X. deyilmişdir. Saraylarda xәdimlәr dә X. adlandırılırdı. Osmanlılarda daha çox “xoca” (“hoca”) kimi sәslәnәn bu lәqәb şeyxlәr, alimlәr, katiblәr vә b.-na (mәs., Xoca Nәsrәddin, Xoca Sәәdәddin), son dövrlәrdә hәm dә müәllimlәrә aid olmuşdur. Hazırda Türkiyәdә din sahәsindә alim, imam-xәtib vә vaizlәrә, tәhsil sahәsindә mәktәb vә un-t müәllimlәrinә “hoca” deyilir.










