XAQANİ ŞİRVANİ, Ə f z ә l ә d d i n İ b r a h i m i b n Ə l i N ә c c a r Ş i r v a n i (1126, Şamaxı yaxınlığındakı Mәlhәm k.–avqust, 1199, Tәbriz) – Azәrb. şairi, mütәfәkkir. Əbu Bәdil, İbn Nәccar vә b. künyәlәrlә xatırlanmışdır. Şeirlәrini “Xaqani”, “Hәqayiqi”, “Əfzәl” tәxәllüslәri ilә yazmışdır. X.Ş.-nin yaradıcılığı onun şәxsi vә ailә hәyatı ilә sıx bağlıdır. Bu baxımdan Yaxın Şәrq vә Orta Asiyada ona oxşar ikinci bir şair yoxdur. “Əcәm türkü” (azәrbaycanlı) olan X.Ş. erkәn yaşlarında atasını itirmiş, dövrünün görkәmli alimlәri sayılan әmisi Kafiyәddin vә onun oğlu Osmandan elmin bir çox sahәsinә aid biliklәr almışdır. X.Ş. әsәrlәrin dә ancaq birinci arvadından olan oğulları Əmir Əbdülmәcid vә Rәşidәddindәn bәhs etmiş, üç qızı olduğunu bildirmişdir. Tәqr. 19–20 yaşlarında saraya daxil olmuş, tez bir zamanda Şirvanın mәdәni-siyasi çevrәsindә vә kәnarda böyük nüfuz qazanmışdır; Mәnuçehr ona әmirlik rütbәsini vermişdir. Bu illәrdә Xarәzmşah Atsız, Rәşidәddin Vәtvat, Xalxal hökmdarı Mәhәmmәd ibn Əbdürrәhman Toğan yürәklә әlaqә yaratmış, tәsәvvüf alimi Nasirәddin İbrahim Bakui, Şam vә Mosul Atabәylәrinin vәziri Cәmalәddin Mәhәmmәd Mosuli ilә tanış olmuşdur. Bir müddәt sonra X.Ş.-dә saray hәyatına qarşı narazılıq yaranmış, 1152 ildә Mәnuçehrin icazәsilә birinci İraq sәfәrinә çıxmış, 1154 ilin әvvәllәrindә Şirvana qayıtmışdır. Mәnuçehrin tapşırığı ilә saraya gәlmәli olan X.Ş.-nin onunla münasibәti get-gedә pislәşmiş vә bu, 1157 ildә şairin hәbsi ilә nәticәlәnmişdir; “Mәn” rәdifli hәbsiyyәsi belә bir şәraitdә yaranmışdır. Şadiabadidәn (15 әsr) Rzaquluxan Hidayәtә kimi bir çox әdib vә alim şairin “Hәbsiyyә”sinә şәrh, Əmir Xosrov Dәhlәvidәn Sadıq bәy Sadiqi Əfşara kimi vә ondan sonra da bir çox şair nәzirә yazmışdır. X.Ş. 1156 ildә Mәkkәyә ziyarәt bәhanәsilә Şirvanı tәrk etmiş, İraqda Sultan Mәhәmmәd vә xәlifә Müktәfi ilә görüşmüşdür. Bir çox şәhәri gәzdikdәn sonra yenidәn Şirvana qayıtmış, daha güclü vә ağır çәkişmәlәrlә qarşılaşmışdır. 1157– 59 illәrdә Tәbriz, Hәmәdan, Qәzvin, Bağdad, Dәrbәnd vә Gәncәdә olmuşdur. I Axsitan [1160–97] hakimiyyәti әlә keçirdikdәn bir müddәt sonra, tәqr. 1163 ildә X.Ş. hәbs edilmişdir; “Yenә” rәdifli qitәsini vә “Tәrzaiyyә” adlı şeirini orada yazmışdır. Hәbsdәn çıxdıqdan sonra sarayda әvvәlki vәzifәsinә qayıdan X.Ş. 1164 ilin sonlarında Şirvanşahların elçisi kimi Hәmәdana, İraq Sәlcuqlarının sultanı Arslan ibn Toğrulun yanına getmişdir. Atabәy Eldәnizin Şirvanda nüfuzu güclәndikdәn sonra şair Eldәnizlәr sarayı ilә yaxınlaşmış, “Ust” rәdifli qitәsindә Cahan Pәhlәvana, “Yapdılar” rәdifli şeirindә isә Qızıl Arslana olan bağlılığını göstәrmişdir. 1176 ildә Tәbrizә köçmüş, ömrünün sonunadәk orada yaşamışdır. 1190 ildә Qızıl Arslana yazdığı cavab mәktubu vә “Görәrәm” rәdifli şeirindә, Cәmalәddin Mosuliyә yazdığı “Əlfiyyә”sindә hәyatının bu illәrdә necә keçdiyini göstәrmişdir. Tәbrizdә yaşadığı 24 ildә Şirvan, elәcә dә onun elmi-mәdәni vә әdәbi mühiti ilә әlaqәni kәsmәmiş, Şirvanın görkәmli adamları vә dövlәt xadimlәri ilә dә ardıcıl olaraq mәktublaşmışdır; bu mәktublar 12 әsrdә Şirvandakı әdәbi hәyatı öyrәnmәkdә mühüm rol oynayır. X.Ş. Tәbrizdә “Mәqbәrә tüş-şüәra” qәbiristanlığında dәfn olunmuş, mәzarı üzәrindә abidә qoyulmuşdur. Nizami Gәncәvi X. Ş.-nin vәfatına mәrsiyә yazmışdır.

X.Ş.-nin әdәbi irsi zәngindir. Mәnbәlәrdә şairin yaradıcılıq yolu onun dünyagörüşünün inkişafı baxımından dövrlәşdirilir. 1126–48 illәr X. Ş.-nin erkәn yaşlarından Mәnuçehr sarayınadәk uzanan birinci dövrü әhatә edir. O, hәyatının bu 22 illik dövrünün bir neçә ilini sarayda keçirmәyinә peşman olmuşdur. Yaradıcılığının ikinci dövrünә (1148–75) aid әsәrlәrindә fәlsәfi düşüncәlәr güclәnmiş, mәlamәtilik vә qәlәndәriyyәyә meyil yaranmışdır. Əxiliyin dә tәsiri duyulan әsәrlәrindә xalq fәlsәfәsi vә xalq hikmәtindәn bәhrәlәnәn oyanış әksini tapmışdır. Fәlsәfi mәzmununa görә iki mәrhәlәyә (1148–59 vә 1159–75) ayrılan ikinci dövrün birinci mәrhәlәsindә şair aristotelçilikdәn uzaqlaşaraq, xalq hikmәti nә üztutmuş, saraydan tamamilә ayrılmaq istәmişdir. İkinci mәrhәlәdә isә saraydan uzaqlaşmağı deyil, onu әlә almağı, ona tәsir göstәrmәyi düşünmüş, sarayı әdalәtә sәslәmişdir. Yaradıcılığının üçüncü dövründә (1175–98) әvvәlki fikirlәri üzәrindә dayanmış, öz fütüvvәtnamәsini yazmış, bәzi әxi fütüvvәtnamәlәrinә әlavәlәr etmişdir. Şairin yaradıcılığı öz fәlsәfi mündәricәsi vә mәzmunu ilә bir çox ictimai-fәlsәfi düşüncә cәrәyanlarının, o cümlәdәn sufilik vә işraqiliyin xalqla qaynayıb-qarışan cәhәtini dә әks etdirmişdir.
Klassik poeziyanın vә nәsrin bir çox növündә әrәb vә fars dillәrindә әsәrlәr yazan X.Ş.-nin әdәbi irsi yüzilliklәr boyu qiymәtli sәnәt nümunәlәri kimi tәqdir edilmişdir. Şairin dünyanın bir çox kitabxanasında saxlanılan әsәrlәri, külliyyatı, onların çoxçeşidli әlyazmaları indiyә kimi bir yerә toplanıb nәşr edilmәmişdir. Onun mәtni әldә olan, çap edilmiş vә müәyyәn qәdәr öyrәnilmiş әsәrlәri aşağıdakılardır: “Dvane-Xaqani” (“Xaqaninin divanı”), “Töhfәtül-xәvatir vә zübdәtün-nәvazir” (“Xatirәlәrdәn әrmәğanlar vә görülәnlәrin seçilmişlәri”) – “Töhfәtül-İraqeyn” (“İki İraqın әrmәğanı”), “Xәtmul-ğәrayib” (“Eşidilmәmiş vә görülmәmiş halların yekunu”) mәsnәvisi, “Munşәate-Xaqani” (“Xaqaninin mәktubları”). Doktor Ziyaәddin Sәccadinin 1959 ildә çap etdirdiyi X.Ş.-nin 17 min beytә yaxın “Divan”ına onun 106 geniş hәcmli qәsidәsi, 110 qısa qәsidәsi, 330 qәzәli, tәqr. 290 qitәsi, 300-ә yaxın rübaisi vә әrәb dilindә şeirlәrindәn 450 beyt salınmışdır. İdeya-bәdii cәhәtdәn olduqca zәngin “Divan”ın mәfkurәvi mündәricәsinin әsasında şairin humanist ideyaları dayanır. Daha çox “Şiniyyә” adı ilә tanınan “Miratüs-sәfa” (“Saflıq aynası”) qәsidәsi bu baxımdan әsrlәr boyunca böyük maraq doğurmuşdur. Onun davamı sayılan “Mәdain xәrabәlәri” isә tәkcә ictimai-fәlsәfi mәzmunu ilә deyil, bәdii ecazkarlığına görә dә X.Ş.-nin әn önәmli әsәrlәri sırasındadır. 20 әsrin görkәmli şairi Lahuti bu әsәrlә sәslәşәn poema, Mirzadә Eşqi isә mәnzum pyes yazmışdır. Şairin “Divan”ına daxil olan hәm mәhәbbәt, hәm dә ictimai-әxlaqi sәciyyәli qәzәl vә rübailәri, elәcә dә fәlsәfiirfani mahiyyәtli qitәlәri dә bәdii tәsvir vasitәlәri, ifadә tәrzi vә ahәngdarlığı ilә 12 әsr Azәrb. lirik şeirinin әn gözәl mәziyyәtlәrini özündә cәmlәşdirir. Dünya ictimai bәdii fikrinin hәmişә diqqәt mәrkәzindә olmuş “Divan”ın böyük bir qismi Azәrb. dilinә tәrcümә edilmişdir.
X.Ş.-nin birinci Mәkkә sәfәrindәn Şirvana qayıtdıqdan sonra yazdığı, Azәrb. әdәbiyyatında ilk әhәmiyyәtli mәsnәvilәrdәn biri olan “Töhfәtül-İraqeyn” 6 mәqalә vә sonluqdan ibarәtdir. Lakin “Töhfәtülİraqeyn”in keçmişdә Ərdәbildәki Şeyx Sәfi kitabxanasında, indi isә Saltıkov-Şedrin ad. kitabxananın (Sankt-Peterburq) әlyazmaları fondunda saxlanılan, xәttat Kәsmaninin köçürtdüyü nüsxәsindә 7 başlıqla 7 mәqalәdәn vә sonluqdan ibarәt әsәrә fehrist dә artırılmışdır. Seyid Hüseyn Amuzqarın Tehrandakı kitabxanasında saxlanılan әlyazma nüsxәsindә dә belә bir fehrist vardır. Əsәrin giriş bölmәsi 1159–62 illәr arasında yazılmışdır; sonradan әlavә edildiyi üçün әlyazma nüsxәlәrinin bir çoxunda bu bölmә yoxdur. Nәsrlә yazılmış girişdә şair әsәrini Cәmalәddin Mosuliyә ithaf etdiyini bildirir. Əsәrә bir çox şәrh vә bәnzәtmә yazılmışdır. Xacu Kirmani, Bidil vә Bahar Şirvani kimi görkәmli şairlәrin mәsnәvilәrindә “Töhfәtül-İraqeyn”in tәsiri duyulur.
X.Ş.-nin “Xәtmül-ğәrayib” mәsnәvisi әldә olmasa da, onun mәzmunu şairin “İsfahan” rәdifli qәsidәsi ilә sәslәşir. Şairin özünün yazdığına görә, mәsnәvi 551 beyt olmuşdur. “Münşәate-Xaqani” X. Ş. yaradıcılığının ikinci mühüm qoluna – onun nәsrinә aiddir. Şair nәsri ilә dә başqalarından fәrqlәndiyini, “yeni bir tәrz”dә, yeni üslubda yazdığını göstәrmişdir. X.Ş.-nin nәsrindә başlıca yer tutan mәktubları 12 әsrdәn bәri yayılaraq yazıçı vә katiblәr üçün örnәk olmuşdur. Dünya xaqani şünaslığında X.Ş. mәktublarının әlyazma nüsxәlәrinin üzә çıxarılıb öyrәnilmәsi görkәmli türk alimi Əhmәd Atәşin adı ilә bağlıdır. Mәktubların әksәriyyәti 12 әsrdә Azәrb.-ın siyasi, iqtisadi, mәdәni hәyatında mühüm rol oynamış alimlәrә vә hökmdarlara yazılmışdır. “Münşәat”da Yaxın Şәrq vә Orta Asiyada intişar tapmış elmi-mәdәni vә bәdii anlayışlardan, tarix, fәlsәfә vә incәsәnәtdәn geniş bilgilәr verilmişdir. Əfzәlәddin Qәznәviyә ünvanlanmış mәktublardan birindә türkdilli xalqların atalar sözlәri, әfsanә vә әsatirlәrinin toplanmasına dair maraqlı mәlumat, Qızıl Arslana vә Dәrbәnd әmiri Seyfәddin Mәhәmmәd Arslan şaha yazılmış mәktublarında isә “Oğuznamә” vә ona oxşar qaynaqların 12 әsrdәn әvvәlki әn әski qatlarının mündәricәsi ilә bağlı biliklәr vermişdir.
Yaxın vә Orta Şәrqin bir çox görkәmli şairlәri (Əmir Xosrov Dәhlәvi, Ə.Cami, Əbülqasim Şirazi, Əmri, Qaani vә b.) X.Ş.-ni özlәrinin ustadı adlandırmış, әsәrlәrinә nәzirәlәr yazmışlar. Əsәrlәri İranda, Hindistanda dәfәlәrlә nәşr edilmişdir. Yaradıcılığı 13 әsrdәn tәdqiqatçıların diqqәtini cәlb etmiş, M.Oufinin “Lübabül-әlbab” tәzkirәsindәn başlayaraq, Şәrqin bütün mәşhur tәzkirәlәrindә ondan böyük şair kimi bәhs olunmuşdur. X.Ş. yaradıcılığı Azәrb., hәmçinin Rusiya, Qәrbi Avropa, İran, Türkiyә, Hindistan vә s. ölkәlәrin şәrqşünasları (H.Araslı, Y.E.Bertels, A.N.Boldırev, K.Zaleman, Q.Kәndli, A.Y.Krımski, Y.N.Marr, V.Minorski, Rzazadә Şәfәq, Y.Ripka, M.Sultanov, N.V.Xanıkov, Y.Hammer Purqştal, M.Şibli Nümani vә b.) tәrәfindәn öyrәnilmişdir.
Haqqında bәdii әsәrlәr (Mәmmәd Rahimin “Xaqani” dramı vә s.) yazılmış, Q.Xalıqov portretini yaratmış, bir sıra rәssamlar әsәrlәrinә illüstrasiyalar çәkmişlәr. Azәrb.bәstәkarları X. Ş. şeirlәrinә mahnı vә romanslar bәstәlәmişlәr. Adına küçә, park var.
Əd.: Azәrbaycan әdәbiyyatı tarixi, 6 cilddә, c. 2, B., 2007.










