XALÇA – dekorasiya vә istilik yaratmaq mәqsәdilә müxtәlif rәng çalarlı naxış elementlәri vә tәsvirlәrlә bәzәdilәn bәdii toxuculuq mәmulatı. Yun, pambıq, ipәk vә s. materiallardan müxtәlif texnikalarla toxunur. X. yaşayış evlәri vә digәr binaların divar bәzәklәrindә, döşәnmәsindә istifadә edilir, yüksәk estetik әhәmiyyәt kәsb etmәklә yanaşı, mәkan daxilindә istiliyi saxlayır, әtraf mühitin sәs-küyünün qarşısını alır.

Xalça. Nizami “Xәmsә” sinә miniatür. Tәbriz. 16 әsrin әvvәli.
Topqapı muzeyi. İstanbul.
Ənәnәvi mәdәniyyәtlәrdә әn çox yayılmış vә әn qәdim (tәqr. 10–12 min il bundan әvvәl) X. növü hәsirdir. Xovlu X.-lar qoyun çuluğun inkişaf etdiyi әrazilәr üçün sәciyyәvidir. Ən qәdim xovlu parça tapıntıları Şimali Tibet (e.ә. 16 әsr), Şәrqi Türküstan (Loulan, Tarim çayı hövzәsi, e.ә. 12 әsr), Misir (memar Khanın sәrdabası, Fironlar vadisi, e.ә. 14 әsr) vә 5-ci Pazırık kurqanından (Dağlıq Altay, e.ә. 4 әsr) aşkar edilmişdir. Şimali Monqolustanda hökmdar qәbirlәrindәn aşkar edilmiş xovsuz xalçalar (e.ә.1 әsr, Ermitaj, S.-Peterburq), “Qibti parçaları” adlanan xalça mәmulatları (3–8 әsrlәr, A.S.Puşkin ad. Tәsviri Sәnәt Muzeyi, Moskva), Sәlcuqilәr dövrünә aid xalçalar (11 әsr, Türk vә İslam İncәsәnәti Muzeyi, İstanbul), Tәbrizdә toxunmuş “Şeyx Sәfi” xalçası (1539, Viktoriya vә Albert Muzeyi, London) dünya xalçaçılıq sәnәtinin nadir nümunәlәrindәndir.
X.-nın bәdii xüsusiyyәti onun fakturası (sәhtinin xovlu, yaxud xovsuz olması), materialın xassәsi (yun, ipәk, kәtan, pambıq vә s.-dәn toxunması), ölçüsü, ornamentlәrin kompozisiya quruluşu (nәbati, hәndәsi vә s. naxışların haşiyәdә, göllәrdә, arasa hәdә yerlәşdirilmәsi), haşiyә ilә arasahә arasında uyğunluq, rәng münasibәtlәri vә s. ilә müәyyәn edilir. Şәrq X.-larından Azәrbaycan, İran, Türkiyә vә Türkmәnistan xalçaları daha mәşhurdur. Azәrb. xalçaları kompozisiya zәnginliyinә, naxış elementlәrinin orijinallığına vә rәng koloritinә görә digәr Şәrq xalçalarından әsaslı surәtdә fәrqlәnir (әtraflı mәlumat üçün bax Azәrbaycan xüsusi cildinin “Tәsviri vә dekorativ-tәtbiqi sәnәtlәr” bölmәsinә).
Qәrbi Avropa X. sәnәtindә 16 әsrdә Flandriya, Fransa vә Almaniyada istehsal edilәn şpaler mühüm yer tutmuşdur. 17–18 әsrlәrdә Parisdәki Savoneri manufakturasında (1624 ildә tәsis olunmuşdur) xovlu X.-lar toxunulurdu. Yerliyi, әsasәn, qara rәngdә olan bu X.-lar çoxrәngli zәngin gül-çiçәk rәsmlәri vә arabesk naxışlarla bәzәdilirdi. Bunların tәsirilә İngiltәrә vә İspaniyada da xovlu X.-lar istehsalı genişlәndi. 19 әsrdә f-k istehsalının inkişafı nәticәsindә Qәrbi Avropa X. sәnәtinin bәdii sәviyyәsi aşağı düşdü. Lakin 20 әsrin ortalarında bәdii sәnәtkarlığın bu sahәsini dirçәltmәk üçün bir sıra ölkәdә, xüsusilә Fransada uğurlu cәhdlәr göstәrildi. Polşa, Bol qarıstan, Rumıniya vә digәr ölkәlәrdә dә әl ilә toxunulan, hәndәsi vә stilizә edilmiş nәbati ornamentli xovlu vә xovsuz X.-lar istehsal
olunmuşdur.
Xalça. “Çәlәbi”. Qarabağ. Azәrbaycan. 18 әsr. Tekstil Muzeyi.
Vaşinqton (ABŞ).
Vaşinqton (ABŞ).

Xalça. “Əjdahalı”. Qarabağ. Azәrbaycan. 18 әsr.
Berlin İncәsәnәt Muzeyi.
Berlin İncәsәnәt Muzeyi.

Xalça. “Ağaclı”. Tәbriz. Azәrbaycan. 19 әsrin sonu.
Azәrbaycan Milli Xalça Muzeyi. Bakı.
Azәrbaycan Milli Xalça Muzeyi. Bakı.
Əl ilә toxunan X.-lar texniki xüsusiyyәtlәrinә görә xovlu vә xovsuz olur. Xovlu X.-lardan daha әvvәl istehsal edilmiş xovsuz X.-lar (palaz, kilim, cecim, şәddә, ladı, vәrni, zili, sumax) vә xalça mәmulatları (xurcun, heybә, yәhәr qaşlığı, çuval, mәfrәş, çul vә s.) sadә vә mürәkkәb üsullarla toxunulur. Xovlu X.-lar “qullabı” (türkbab) vә “dolama” (farsbab) ilmә-düyün texnikalarında toxunur. X.-ların toxunuşunda heyvanların tәbii rәngdә yunlarından vә rәnglәnmiş iplәrindәn istifadә olunur. İplәr müxtәlif bitkilәr vә bitki köklәri, ağac, soğan qabığı, çiçәk vә s. tәbii boyalarla boyanır. 19 әsrdәn süni alizarin, anilin boyaları kimi üzvi boyalar, digәr müxtәlif kimyәvi boyalardan istifadә edilir. X. toxunuşunda yun, ipәk, pambıq iplәrlә yanaşı hәsir (ağac qabığı), at quyruğu tükü, kәnaf, qızıl vә gümüş tellәr, qiymәtli qaş-daşlar vә s. tәtbiq olunur. Müasir dövrdә X. әl ilә toxunmaqla yanaşı, Jakkard tipli maşınlar (bax Jakkard maşını) vasitәsilә dә istehsal olunur. Maşınla xalça toxunuşu daha mәhsuldardır. Lakin möhkәmliyinә vә naxış mürәkkәbliyinә görә әl ilә toxunan X.-lar әvәzedilmәzdir. Buna görә dә onların qiymәti daha yüksәk olur.
Əd.: K ә r i m o v L. Azәrbaycan xәlçәsi. C.1, B.–L., 1961; y e n ә o n u n, Азербайджанский ковер. T.2–3, B., 1983; А б д у л л а е в а Н. Ковровое искусство Азербайджана. Б., 1971; Э ф е н д и е в Р. Ковры в хранилищах зарубежных стран как источник по истории коврового искусства Азербайджана. Тезисы докладов на международном симпозиуме по искусству восточных ковров. Б., 1983; Т а г и е в а Р.С. Азербайджанский ковер. Каталог. Б., 1983; Н а р и м а н о в И. Культура древнейщего земледельческого, скотоводческого населения Азербайджана. Б., 1987; Ə l i y e v a K. Azәrbaycan xovsuz xalçaları. B., 1988;
Г а с а н з а д е Д.Ю. Зарождение и развитие тебризской миниатюрной живориси в конце XIII–начале XV веков. Б., 1999.










