XALİD ZİYA Uşaqlıgil, H a l i t Z i y a U ş a k l ı g i l (31.7.1866, İstanbul – 27.3. 1945, İstanbul) – türk yazıçısı, dövlәt xadimi. İstanbul Fateh (1873–78) vә İzmir rüşdiyyә mәktәblәrindә (1878) tәhsil almışdır. “Novruz” (1884) jurnalını, “Hizmәt” (1886–1907) qәzetini nәşr etdirmişdir. Osmanlı bankında mәmur, İzmir rüşdiyyә mәktәbindә fransız dili müәllimi işlәmişdir. Sultan V Mehmedin baş katibi olmuşdur (1909 ildәn). İlk mәnsur şeir, hekayә vә ro manlarını (“Nәmidә”, 1889; “Bir ölünün dәftәri”, 1890; “Fәrdi vә şәriklәri”, 1896) “Hizmәt”dә, müxtәlif qәzet vә jurnallarda hekayәlәrini, sәyahәt xatirәlәrini, mәqalәlәrini dәrc etdirmişdir. O, “Sәrvәti fünun” әdәbi cәrәyanının görkәmli nümayәndәsi, yeni türk roman vә novellasının banilәrindәn olmuşdur. Romanlarında, әsasәn, ziyalıların, hekayәlәrindә isә sadә xalqın hәyat tәrzini, adәt vә әnәnәlәrini әks etdirmişdir. İlk romanı “Sәfil qadın” (1886) kәskin sosial mәzmunu ilә seçilir. “Mavi vә siyah” (1897) әsәri yeni dövr türk romanı tarixindә mühüm yer tutur. “Qadağan mәhәbbәt” (1900), “Puç olmuş hәyatlar” (1924) romanlarının, “Füruzan” (1918), “Kabus” (1918) pyeslәrinin, “Bir yayın tarixi” (1900), “Solğun dәstә” (1901), “Bir sevda hekayәsi” (1922), “Hamısından acı” (1934), “Eşqә dair” (1934) vә s. hekayә kitablarının, “Mәnsur şeirlәr” (1891), “Mәzardan sәslәr” (1911) şeir kitablarının müәllifidir. Ədәbiyyat nәzәriyyәsinә dair әsәrlәri, xatirәlәri, tәrcümәlәri var. Dil islahatı ilә әlaqәdar “Hamısından acı”, “Eşqә dair”, “Mavi vә siyah”, “Qadağan mәhәbbәt” әsәrlәrini sadәlәşdirәrәk, yenidәn nәşr etdirmişdir.











