XALİDƏ ƏDİB, A d ı v a r (Halide Edip Adıvar) (11.6.1884, İstanbul – 9.1.1964, İstanbul) – türk yazıçısı, siyasәtçi, pedaqoq. Xalidә Onbaşı olaraq da tanınır.
Amerika qızlar kollecindә (Üsküdar) oxumuşdur. Ərәb vә fransız dillәrini, türk әdәbiyyatı, fәlsәfә, riyaziyyatı öyrәnmiş, musiqi tәhsili almışdır. Müxtәlif qәzet vә jurnallarda siyasi problemlәr, qadın hüquqlarının müdafiәsi ilә bağlı yazılar dәrc etdirmişdir. “Raikin anası” (1909), “Sәviyyә Talib” (1910), “Xәndan” (1912) adlı ilk romanlarında Qәrb tәhsili ilә yetişmiş, açıq fikirli, lakin mәnәvi dәyәrlәrinә bağlı, şәrәfli, namuslu qadın qәhrәman tiplәri yaratmışdır. “Türk ocağı” cәmiyyәtindәki fәaliyyәti dövründә (1911–12) yazdığı “Yeni Turan” (1912) romanında fәrdi problemlәri yox, cәmiyyәtin problemlәrini qәlәmә almış, türkçülüklә bağlı fikirlәrindәn, xәyal etdiyi cәmiyyәt vә tәhsildәn bәhs etmişdir. X.Ə. milli azadlıq hәrәkatında iştirak etmiş (1909), Anadoluda şahidi olduğu hadisәlәri “Atәşdәn köynәk” (1923), “Vurun fahişәni” (1926) romanlarında tәsvir etmişdir. 1926–39 illәrdә Fransa vә İngiltәrәdә yaşamışdır. Xatirәlәrinin 1917 ilә qәdәrki ilk hissәsini “Memoirs of Halide Edip” adı ilә 1926 ildә İngiltәrәdә (türkcә nәşri: “Fil-bahar salxımlı ev”, 1963), “The Turkish Ordeal” adlı ikinci hissәsini 1928 ildә İngiltәrәdә (türkcә nәşri: “Türkün atәşlә imtahanı”, 1962) nәşr etdirmişdir. İngiltәrәdә ikәn yazdığı “The Clown and his daughter” (1936) romanında (türkcә nәşri: “Milçәkli baqqal”, 1936) ictimai, siyasi, dini problemlәrdәn, hәmçinin qәrb-şәrq münasibәtlәrindәn bәhs etmişdir.“Yolpalas cinayәti” (1937), “Tatarcıq” (1939) romanlarında kommunizm vә faşizmi tәnqid etmişdir. 1939–1950 illәrdә İstanbul Un-tinin ingilis dili vә әdәbiyyatı bölmәsinә rәhbәrlik etmişdir. Bu dövrdә yazdığı “Sonsuz yarmarka” (1946), “Fırlanan güzgü” (1954), “Akilә xanımın küçәsi” (1958) romanları әvvәlki әsәrlәri qәdәr uğur qazanmamışdır. “Son әsәri” (1913), “Qәlb ağrısı” (1924), “Zeynonun oğlu” (1927) romanlarının, “Xarab mәbәdlәr” (1911), “Dağa çıxan qurd” (1922), “Qübbәdә qalan xoş sәda” (1938) adlı hekayә kitablarının, “Kәnan çobanları” (1916), “Maska vә ruh” (1937) pyeslәrinin müәllifidir. Tәdqiqat әsәrlәri (“İngilis әdәbiyyatı tarixi”, 3 cilddә, 1940–49), tәrcümәlәri,“Türkiyәdә Şәrq, Qәrb, Amerika tәsirlәri” (1954) adlı kitabı var. Türkiyә Böyük Millәt Mәclisinә deputat seçilmişdir (1950–54).










