“XALQ XARTİYASI” (“People`s Charter”) – çartizmin әsas proqram sәnәdi. “X.x.”-nın әsasını tәşkil edәn ideyalar 1770–80-ci illәrdәn İngiltәrәdә parlament islahatları keçirilmәsinin tәrәfdarları, o cümlәdәn tanınmış ictimai xadim vә publisist C.Kartrayt (1740–1824) tәrәfindәn işlәnib hazırlanmışdı. 1837 ilin may – iyun aylarından etibarәn parlament radikalları qrupunun 6 üzvündәn (D.O’Konnell, C.Robak, Ş.Kroford vә b.) vә 1836 ildә yaradılmış London fәhlә assosiasiyasının (LFA) 6 nümayәndәsindәn ibarәt komitә tәrәfindәn “X.x.”-nın mәtni üzәrindә iş aparılırdı. “X.x.”-nın yekun mәtnini LFA-nın rәhbәri U.Lovett (1800–77) vә tәşkilatın tәsisçilәrindәn olan F.Pleys (1771–1854) tәrtib etmişdilәr. 1838 ilin may ayında Londonda işıq üzü görmüş, elә hәmin ayda Birmingemdә dәrc olunmuş “X.x.” haqqında Milli petisiya ilә birlikdә, Qlazqo mitinqindә qәbul edilmişdi. “X.x.” parlamentdә 13 әsrdәn tәşәkkül tapmış vә 1832 il islahatı nәticәsindә yalnız qismәn dәyişikliyә uğramış nümayәndәlik sisteminin demokratiklәş dirilmәsi tәlәbini irәli sürürdü. 6 bәndlik sәnәddә gizli sәsvermәnin vә 21 yaşdan yuxarı bütün kişilәr üçün seçki hüququnun tәtbiqi (qadınlara seçki hüququnun verilmәsi haqqında U.Lovettin ilkin tәklifi rәdd edilmişdi); deputatlar üçün әmlak senzinin lәğvi vә onlara iş müqabilindә pul mükafatının verilmәsi; seçki dairәlәrinin sәsvermәdә iştirak edәn bәrabәr sayda şәxslәrdәn tәşkili, aşağı palatanın hәr il yenidәn seçilmәsi kimi müddәalar әksini tapmışdı. Çartistlәr hesab edirdilәr ki, siyasi islahatlar yolu ilә xalqın ağır sosial-iqtisadi vәziyyәtini yaxşılaşdırmaq mümkündür. Onlar öz tәlәblәrini reallaşdırmaq üçün “X.x”-nı daha çox şәxsin imzalaması vә parlamentә tәqdim edilmәsi taktikasını seçmişdilәr. Baxılması üçün sәnәd üç dәfә parlamentә göndәrilmişdi: 1839 ilin iyul (1,28 mln. imza), 1842 ilin may (3,3 mln.) vә 1848 ilin aprel ayında (5 mln.). Hәr dәfә İcmalar palatasının rәdd etdiyi “X.x.”-nın nümayәndәlik sisteminә dair tәlәblәrini qismәn ödәyәn islahatlar 19 әsrin 2-ci yarısı – 20 әsrin әvvәllәrindә mәrhәlәli şәkildә aparılmışdır.










