XALQ TƏBABƏTİ, x a l q m ü a l i c ә s i – tarixi inkişaf әrzindә toplanmış vә xәs tәliklәrin aşkara çıxarılması, müalicәsi vә qarşısının alınması mәqsәdilә xalq tәrәfindәn istifadә edilәn empirik biliklәr vә praktiki üsulların mәcmusu. Buraya sәmәrәli biliklәr vә üsullar (heyvan, bitki, yaxud mineral mәnşәli maddәlәr, psixoloji tәsir, gigiyenik vәrdişlәr vә s. sahәsindә) vә müalicә magiyasının (sehrinin) elementlәri daxildir. X.t. bütün bәşәriyyәt tarixi әrzindә dünya xalqlarının mәdәniyyәtindә (bax, mәs., Tibet tәbabәti) mövcud olmuşdur. Qeyd etmәk lazımdır ki, bәşәr elmi vә mәdәniyyәtinin beşiyi Şәrq olduğu kimi, tәbabәt elminin dә ilkin rüşeymlәri Şәrq ölkәlәrindә yaranmışdır.
Elmi tәbabәtdәn fәrqli olaraq X.t.-nin müalicә vasitәlәri nәzәri şәrtlәrә әsaslanmır. Hәmin mәlumatlar nәsildәn-nәslә şifahi yolla keçәrәk xalqın adәt-әnәnәlәrindә, rәvayәtlәrindә öz әksini tapmış, bir sıra yazılı mәnbәlәrdә toplanmışdır. İbtidai insanlar sınıqları müalicә etmәyi, çıxmış oynağı yerinә salmağı, sarğı qoymağı bacarırdılar; ağrıkәsici bitkilәrin (mәs., xaş xaş) xüsusiyyәtlәrini bilirdilәr, günәş şüasının, suyun şәfaverici әhәmiyyәtini başa düşürdülәr. Xәstәlәnmәnin qarşısını almaq üçün ildә bir dәfә yazın әvvәlindә qan alır, tәnәffüs yollarının xәstәliklәrindә, mәdә-bağırsaq spazmasında vә meteorizmdә razyana çayı, öskürdükdә heyva toxumu dәmlәyib içirdilәr. Soyuqdәymә zamanı moruq, qanazlığında çiyәlәk, mәdә-bağırsaq xәstәliklәrindә bal vә s. istifadә edirdilәr. İnsanlar sağlamlıq üçün әmәyin mühüm rolunu anlayırdılar. İlkin çağlarda insanların dәrman kimi әn çox istifadә etdiklәri vasitәlәr bitkilәr olmuş, sonralar, zaman keçdikcә, tәdricәn heyvan vә mineral mәnşәli vasitәlәr işlәtmәyә başlamışlar. Bir çox bitkilәrin yarpaq, qol-budaq, qabıq vә kökündәn alınan şirә, sulu dәmlәmәlәr acı vә xoşagәlmәz olur. Acılığı aparmaq vә dadı yaxşılaşdırmaq, bәdәn tәrәfindәn tez sorulmasını tәmin etmәk üçün, adәtәn, onlara bal vә şәkәr qatılaraq işlәdilirdi. Bәzi bitkilәrdәn çәkilәn araq müalicә-profilaktika mәqsәdilә istifadә edilir. Gülab, zeytun, gәvәn vә küncüd yağı yumşaldıcı tәsir göstәrmәklә yanaşı dәrmanların keyfiyyәtini yaxşılaşdırır, tәsirini sürәtlәndirir.
Müasir tibdә getdikcә daha artıq tәtbiq olunan “iynәsancma” müalicә üsulu, prinsip etibarilә Azәrb. X.t.-ndә işlәnilәn “çıldaq” müalicәsinә bәnzәyir. Azәrb. X.t.-ndә öd kisәsi vә sidik yollarının bәzi xәstәliklәrindә, hәmçinin daxili qanaxmalarda qarğıdalı saçağının dәmlәmәsi verilir. Susuzluğa qarşı ayran içmәk, yanıq zamanı yumurta ağı sürtmәk, böyrәk narahatlığı zamanı itburnu dәmlәyib içmәk әn sadә tәdbirlәrdәndir. Bu müalicә üsulu müasir elmi tibdә dә tәtbiq olunur. Azәrb. X.t.-ndә bitkilәrdәn vә mineral sulardan geniş istifadә olunmuşdur. X.t.-ndә qida vә dәrman vasitәlәri, әsasәn, iki, bәzәn üç yerә bölünür: a) qida maddәlәri kimi işlәnәn vasitәlәr; b) hәm qida, hәm dә ayrı-ayrı orqanların sağlamlığını tәmin edәn vasitәlәr; c) dәrman kimi işlәnәn vasitәlәr. Dәrman vasitәlәri dә iki qismә ayrılır: a) sadә vasitәlәr; b) mürәkkәb tәrkibli vasitәlәr (mәcunlar, hәblәr, mәlhәmlәr vә b. tәrkiblәr) .
Qәdim dövr tәbabәti X.t.-ndәn geniş istifadә etmәklә zәnginlәşmişdir. X.t.-ndә dәrman maddәlәri müxtәlif üsulla (dәmlәmә, sürtmә, kompres vә s.) işlәdilir. Qәdim misirlilәr tiryәkdәn müalicә mәqsәdi ilә istifadә etmişlәr.
Xalq gigiyenası X.t.-nin daha qәdim sahәsidir vә elmi gigyena onun әsasında inkişaf etmişdir. Empirik yolla tәkmillәşdirilmiş gigiyenik qaydalar bәzi ölkәlәrdә qanunvericiliyә daxil olmuşdur. Qәdim Hindistan mәxәzlәrindә iqlimin vә ilin müxtәlif fәsillәrinin sağlamlığa tәsiri, bәdәnin gigiyenası, fiziki hәrәkәtlәrin vә düzgün qidalanmanın sağlamlığın qorunmasında rolu göstәrilir. Tibet tәbabәti tәmiz havanın vә günәş şüasının orqanizmә tәsirinә, Çin xalq gigiyenası sağlam yuxuya, az-az qidalanmaya böyük әhәmiyyәt vermişdir. Azәrb. X.t. tez-tez hamama getmәyi, hamamda yuyunmaqla bәrabәr masaj etmәyi (kisәlәnmәk) mәslәhәt görür. Rus hamamlarında bәdәni xüsusi hamam süpürgәsi ilә döyәclәyirlәr, fin hamamlarında (sauna) buxarxanadan çıxıb soyuq su hovuzlarında
çimirlәr.
X.t.-nin topladığı mәlumatlara Hippokratın, Qalenin, İbn Sinanın әsәrlәrindә tәsadüf olunur. Elmi tәbabәt X.t.-nin bir çox müalicә üsulundan geniş istifadә etmiş vә hal-hazırda da istifadә edir.
Azәrb.-da X.t.-nin gigiyenik mәsәlәlәrinin tәbliğindә Hәsәn Bәy Zәrdabinin, Abbas Sәhhәtin xidmәtlәri böyükdür.
X.t.-nin bu primitiv biliklәri әsrlәr boyu yaşamış, yeni-yeni müalicә vasitәlәri ilә zәnginlәşmişdir. Sovet hakimiyyәti illәrindә X.t.-nin inkişafına ciddi fikir verilmişdir. Ölkәmizdә bitkilәrin müalicә tәsirini öyrәnmәk mәqsәdi ilә Ümumittifaq Elmi-Tәdqiqat Dәrman Bitkilәri İn-tu, onun filialları, müvafiq kafedraları fәaliyyәt göstәrir. Azәrb. X.t.-nin müxtәlif müalicә vasitәlәri dә diqqәtlә yoxlanılır, faydalılığı elmi surәtdә tәsdiq olunduqdan sonra müalicә vasitәsi kimi xalqımızın sağlamlığı üçün geniş istifadә edilir.
Son vaxtlar Vyetnam, Laos, Hindistan vә s. ölkәlәrdә X.t.-nin nailiyyәtlәri müasir şәraitә uyğunlaşdırılaraq geniş tәtbiq edilir. Bir çox Şәrq ölkәlәrindә yenidәn tәbii qida vasitәlәrinә qayıtmağın sirlәri öyrәnilir, çoxlu faydalı mәsәlәlәr tapılır, araşdırılır.










