XALSİDLƏR (Chalcidoidea) – parazit zәr qanadlılar fәsilәüstü. Bәdәn uz. 0,2–10 mm-dir. Rәngi çox zaman metal parıltılı olur. X. üçün qanadlardakı damarların reduksiya olunması sәciyyәvidir; qanadsız formaları da var. 22000-ә yaxın növü var. Bütün dünyada yayılmışdır. Sürfәlәri әsasәn parazitdir, sonradan bitkiyeyәnliyә keçmiş növlәrә (mәs., toxum yeyәnlәr) dә rast gәlinir. X.-in әksәr fәsilәlәri arasında tam çevirmә ilә inkişaf edәn müxtәlif qrup hәşarat sürfәlәrinin ekto- vә endoparazitlәri mәlumdur; yumurtalarda (mәs., trixoqrammlar), puplarda (Pteromalus puparum – kәlәm kәpәnәyi pupunun paraziti) vә qeyritam çevrilmә ilә inkişaf edәn hәşaratların – yastıcalar, çanaqlı yastıcalar, mәnәnәlәr (mәs., afelinuslar) bәdәnindә parazitlik edәn X. var. Bәzi X. – faydalı entomofaqların ikincidәrәcәli parazitlәridir. Bir sıra X., o cümlәdәn Eurytoma cinsinin növlәri taxılı, әriyi, gavalını vә s. bitkilәri zәdәlәyir. X.-ın bәzi növlәrindәn k.t. bitkilәrinin vә meşә növlәrinin zәrәrvericilәrinә qarşı biol. mübarizә metodlarında istifadә olunur.










