XANIZADƏ Hamlet Bәbir oğlu (5.6.1941, Bakı – 3.2. 1990, Bakı) – Azәrb. aktyoru. Azәrb. SSR әmәkdar artisti (1982). Azәrb. SSR Dövlәt mükafatı laureatı (1984). Azәrb. İncәsәnәt İn-tunu bitirmişdir (1965). 1964 ildәn Azәrb. Dövlәt Dram Teatrının aktyoru olmuşdur. Orijinal, bәnzәrsiz vә koloritli oyunu ilә seçilirdi. Rolları: Hәsәn Sәbbah, İblis (“Xәyyam”, “İblis”, H.Cavid), Qacar (“Vaqif”, S.Vurğun), Molla Abbas (“Dәli yığıncağı”, C.Mәmmәdquluzadә), Nizami (“Atabәylәr”, N.Hәsәnzadә), doktor (“Şöhrәt vә ya unudulan adam”, N.Hikmәt), Akop (“Xanuma”, A.Saqareli), Qlaqolev (“Kreml saatı”, N.Poqodin), Vurm (“Mәkr vә mәhәbbәt”, F.Şiller), Antonio (“Fırtına”, U.Şekspir) vә b. X. televiziya tamaşaların da (“Topal Teymur”, H.Cavid; “Qatarda”, İ.Mәlikzadә vә s.) çıxış etmiş vә “Azәrbaycanfilm” kinostudiyasında “Yeddi oğul istәrәm” (rej. T.Tağızadә, 1970), “Axırıncı aşırım” (rej. K.Rüstәmbәyov, 1971), “Arxadan vurulan zәrbә” (rej. A.Babayev, 1977), “Babәk” (rej. E.Quliyev, 1979), “Qızıl uçurum” (rej. F.Əliyev, 1980), “Birisigün gecә yarısı” (rej. A.Babayev, 1981), “Qәtl günü” (rej. G.Əzimzadә, 1990) vә s. filmlәrdә çәkilmişdir.










