XANSARİ (خوانساری ) Ağa Hüseyn ibn Cәmalәddin Mәhәmmәd (1605, İran, Xansar – 1687, İsfahan) – Azәrb. әsilli İran ilahiyyatçısı, mütәkәllim. Gәnc ikәn İsfahana köçmüş, orada Mir Findiriski, Mir Damad, Mәhәmmәdbaqir Sәbzәvari, Mәhәmmәdbaqir Yәzdi vә b.-dan dәrs almışdır. Süleyman şah Sәfәvi [1666–94] ona rәğbәt bәslәmiş vә himayә etmişdir. X. fiqh, tәfsir, hәdis vә fәlsәfә elmlәri üzrә dövrünün әn nüfuzlu alimi olmuşdur. Ən mәşhur tәlәbәlәri Qövsi Tәbrizi, Əllamә Mәclisi vә Nemәtullah Cәzayiridir. X. fiqh, mәntiq vә kәlama dair әsәrlәrin müәllifidir. Ərәb vә fars dillәrindә şeirlәr dә yazmışdır. Süleyman şah İsfahanda X.-nin mәzarı üzәrindә türbә inşa etdirmişdir.
Əd.: Q u l i y e v İ.Z. Hәdisşünaslığın әsasları, B., 2013.










