XARÁKTER (yun. χαρακτήρ – iz, әlamәt, fәrqlәndirici cәhәt) – şәxsiyyәtә xas hәrәkәtin vә digәr insanlarla ünsiyyәtdә özünü ifadәetmәnin tipik üsullarını müәyyәnlәşdirәn fәrdi psixoloji xüsusiyyәtlәrin (cәhәtlәrin) mәcmusu.
Mәlum olan әn qәdim X. tipologiyası Qәdim Babil müdriki Akkaderә (e.ә. 30 әsr) aid edilir. Bu tipologiya hәyat xüsusiyyәtlәrini vә müxtәlif heyvanların davranışlarının onlarla bağlı cәhәtlәrini ifadә edәn 12 astroloji işarәyә әsaslanırdı. Sonralar Ptolemey “Tetrabiblos” әsәrindә hәmin tipologiyanı inkişaf etdirmişdir.
Platonun “Dövlәt”indә sosial davranış tipi kimi X.-in 5 әsas növü tәsvir edilmişdir: normal, timokratik, oliqarx, demokratik vә tiran. Teofrast “Əxlaqi xarakterlәr” traktatında bu vә ya digәr dominant cizginin (istehzaçı, boşboğaz, yaltaq, qeybәtçi, küt, kobud, qorxaq vә s.) әsasında X.-in 30 tipinin müfәssәl psixoloji tәsvirini vermişdir. X.-ә bu cür әdәbi-fәlsәfi tәsviri yanaşma 17 әsrdә İngiltәrә vә Fransada (J. de Labrüyer vә b.) geniş yayılmışdı.
X.-ә digәr yanaşma әsas vәzifәsi insanın zahirәn qavranılan vәziyyәtlәri, hәrәkәtlәri vә siması ilә onun fәrdi xüsusiyyәtlәri arasındakı münasibәtlәri müәyyәnlәş dirmәk, sonra isә bu әlaqәlәr әsasında ayrı-ayrı fәrdlәrin X.-ini tәyin etmәk olan psixoqnostika idi. Psixoqnostikanın şәxsiyyәtin xüsusiyyәtinә görә onun psixikasını tәyin edәn qolları fizioqnomika (sifәt cizgilәrinә görә), frenologiya (kәllәnin formasına görә), qrafologiyadır (xәttә görә).
19 әsrin ortalarından әsasәn Al-maniyada xüsusi elmi fәnn kimi xarakterologiya (termini 1867 ildә Y.Banzen daxil etmişdir)
inkişaf etdirilmişdi. L.Klages ifadә haqqında tәlimindә X.-in müxtәlif aspektlәrinin sistemli tәhlilini vermişdir (1910). X. yaşantı vә davranışın fәrdә xas spesifik üsulu kimi nәzәrdәn keçirilir, onun strukturunda hәvәs vә “azad iradә” (Banzen), müxtәlif istiqamәtlilik sәbәbindәn meyillәr vә xüsusiyyәtlәr (R.Hays, 1936), hәyati “endotim” tәmәl vә şәxsiyyәt “üstqurumu” (F.Lerş,1938) arasındakı potensial ziddiyyәt qeyd edilir. E.Kreçmerin konstitusional tipologiyasında bәdәnin quruluşuna uyğun әsas cizgilәrin dәyişmәz strukturu (bax Temperament) kimi X.-ә statik yanaşma öz yekun ifadәsini almışdır (1921).
Z.Freydin psixoanalizindә X. hәyat boyu formalaşan vә psixi enerji axınının dinamikasını istiqamәtlәndirәn struktur kimi anlaşılır. X. tiplәri libidonun inkişaf mәrhәlәlәrindәn birindә fiksasiya ilә şәrtlәnir. Bu ideyalar psixoanalizdәn çıxış edәn müәlliflәrin әsәrlәrindә müxtәlif formada inkişaf etdirilmişdir: A.Adler X.-in formalaşmasında ailә vәziyyәtinin rolunu araşdırmışdır; V.Rayxda X. insanın müdafiә reaksiyalarının qapalı sistemi – “zireh” kimi anlaşılır; E.Fromm hәr hansı sosial qrupun üzvlәrinә xas vә bu qrupun ümumi hәyat tәrzi sayәsindә formalaşan sabit şәxsiyyәt cizgilәrinin mәcmusunu ifadә edәn sosial X. anlayışını daxil etmişdir. 20 әsr amerikan psixologiyasında X. anlayışı tәdricәn şәxsiyyәt anlayışı ilә әvәzlәnmişdir. X.-in özündә sağlamlıq vә tәrәqqi potensialını ehtiva edәn, hәmçinin xoşagәlmәz hallarda dayanıqlığın qorunmasına imkan verәn daxili qüvvәlәr pozitiv psixologiya mәcrasında tәdqiq edilmişdir (K.Piterson, M.Seliqman, V.Ruş vә b.).
20 әsrin ikinci yarısında sosial psixologiyada hәr hansı millәtin vә ya etnomәdәni birliyin nümayәndәlәrini sәciyyәlәndirәn milli X. anlayışı geniş yayılmışdı. Lakin eksperimental tәdqiqatlarda millәtlәr arasında sabit xarakteroloji fәrqlәri aşkarlamaq mümkün olmadı; milli X. problemi özünün vә digәr millәtlәrin sosial-psixoloji stereotiplәr vә obrazları sahәsindә qaldı.










