XARDAL YAĞI – xardal toxumlarından alınmış sarımtıl-qәhvәyi rәngli bitki yağı; toxumların preslәnmәsi vә ya ekstraksiyası yolu ilә alınır. X.y. yüksәk qidalılıq keyfiyyәtlәri ilә fәrqlәnir, oksidlәşmәyә davamlıdır, uzun müddәt saxlamaq olur. Tәrkibindә yağ turşuları vә efir yağları, hәmçinin E, B1, B2, B3 (PP), B4, B6, K, A, D vitaminlәri, fitosterollar, xlorofil, fitonsidlәr vә s. var. Digәr bitki yağları ilә müqayisәdә X.y. әn aşağı turşuluq göstәricisinә malikdir. X.y.-ndan çörәk bişirmәdә, qәnnadı vә konserv sәnayesindә, hәmçinin texniki mәqsәdlәrlә istifadә edilir.










