XARƏZM – Amudәryanın aşağı axarlarında tarixi vil. Son Paleolit dövründәn mәskunlaşdırılmışdır. Neolit dövründә Kelteminar mәdәniyyәtinin bir hissәsini tәşkil edirdi. Tunc dövründә burada Əmirabad mәdәniyyәtinin tәmәllәrindәn biri olan Tәzәbağyaq mәdәniyyәti formalaşdı. Tәqr. e.ә. 8 әsrin sonunda yeni әhalinin gәlmәsi ilә Kuyusay mәdәniyyәti yarandı. Bu mәdәniyyәtin vә sak-massaget (Sakar-Çaqa vә s.) әnәnәlәrinin әsasında, Orta Asiyanın c.-undakı mәdәniyyәtlәrin iştirakı ilә e.ә. 6 әsrin başlanğıcında irriqasiya, inkişaf etmiş dulusçuluq vә s. sәnәt sahәlәri, çiy kәrpicdәn monumental tikililәri, әsas mәrkәzi Kuzәliqır olmaqla X. mәdәniyyәti formalaşdı. E.ә. 6 әsrin ortalarında, yaxud üçüncü rübündә X. Əhәmәnilәr dövlәtinin hakimiyyәtinә keçdi (xarәzmlilәr ilk dәfә Bisütun kitabәsindә qeyd edilir); Qalalıqır 1-dә tikinti işlәri bununla әlaqәlәndirilir. E.ә. 5 әsrin sonu, yaxud e.ә. 4 әsrin әvvәllәrindә X. müstәqilliyini bәrpa etdi. E.ә. 328 ildә X. hökmdarı Farasman (F r a t a f e r n) Makedoniyalı İsgәndәrә Qara dәniz sahillәrinә birgә yürüş etmәyi tәklif etdi. Öz yazı sistemi (bax Xarәzm dili), tәqvimi (tәqr. 1 ilindә; Biruniyә görә illәrin hesablanmasına e.ә. 13 әsrdәn başlanırdı) vә hakim dini zәrdüştilik olan qәdim X.-in çiçәklәnmә dövrü e.ә. 4–2 әsrlәrә vә eramızın 1 әsrinә tәsadüf edir; yeni ayini mәrkәzlәr (o cümlәdәn Koy-Krılqan qala, Topraqqala, Qalalıqır 2), sәrhәdyanı vә s. qalalar, çoxlu kanallar tikilir, İranın, ellinizmin vә s. tәsirilә özünәmәxsus bәdii mәdәniyyәt inkişaf edirdi. X.-dә tәqr. e.ә. 1 әsrin әvvәllәrindәn eramızın 8–9 әsrlәrinәdәk xüsusi sikkә (damğa vә süvari tәsviri ilә) zәrb olunurdu. Tapılmış sikkә nümunәlәri vә tәsviri sәnәt abidәlәri eramızın ilk әsrlәrindә X.-in Kuşan padşahlığından asılılığını ehtimal etmәyә imkan verir. Eyni zamanda Topraqqalada aşkara çıxarılmış müqәddәs sarayın xarabalığı 3 әsrdә yerli sülalәnin olduğunu bildirir.
Amudәryanın su rejimindәki dәyişiklik, o cümlәdәn Sarıqamış deltasının quruması, daxili hәrc-mәrclik, şәrqdәn basqınlar vә s. sәbәblәrdәn yaranan böhran zamanı X.-dә yerli әyanlarla bağlı olan Afriğilәr sülalәsi [305–995] hakimiyyәtә gәldi (bax Afriğilәr mәdәniyyәti). Bir sıra qәdim әnәnәlәrin vә cәnubla әlaqәlәrin saxlanılması ilә yanaşı, Orta vә Aşağı Sırdәrya boyundakı maldarların
tәsiri güclәndi. 7 әsrdә X.-dә vәziyyәt sabitlәşdi, Sağsahil X.-inin әkinçi vahәlәrinin çiçәklәnmәsi baş verdi (Solsahildә bu zaman irriqasiya sistemi mövcud deyildi), feodalların (dehqan) donjonları (köşk) formalaşdı, hәmçinin Amudәryanın deltasının şm. hissәsindәki Kerder arxeoloji mәdәniyyәtinin tәsiri artdı.
8 әsrdә әrәb istilaları gedişindә X. Xilafәtin, sonra isә onun әsasında yaranmış dövlәtlәrin (Tahirilәr, Sәffarilәr, Samanilәr, Qәznәvilәr) hakimiyyәtinә keçdi. Türklәşmә vә islamlaşma, o cümlәdәn Buxara, Sәmәrqәnd, oğuzlar vә sәlcuqlarla (X.-i 1043 ildә tutdular) әlaqәlәrin tәsirilә X. mәdәniyyәtindә (Ciyәrbәnd vә s.) tәdricәn dәyişikliklәr baş verdi. 10 әsrin ortalarında Gürgәnc (orta әsrlәrdә Ürgәnc) X.-in pataxtı oldu. X.-in yeni yüksәlişi başladı. Hәmin dövrdә Ürgәncdә Biruni, İbn Sina kimi görkәmli alimlәr fәaliyyәt göstәrirdi. 11 әsrin sonlarında X.-dә yeni sülalә – Xarәzmşahlar hakimiyyәtә gәldi, Atsız [1128–56] Orta Asiyanın bütün şm.-q. hissәsini tabe etdi. 1157 ildә İlarslanın dövründә X. sәlcuqlardan tam azad olundu, onun oğlu Əlaәddin Tekişin [1172–1200] vә nәvәsi xarәzmşah Mәhәmmәd II Əlaәddinin [1200–20] hakimiyyәti dövründә Xarәzmşahlar dövlәti Orta Asiyanın әsas hissәsini tutaraq Cәnub-Qәrbi Xәzәryanıya, İran körfәzinә, Hind çayınadәk genişlәndi. Bu, şәhәrlәrin (Xәzәrәsp, Xivә, Şahsәnәm, Güldursun vә s.) inkişafına, X.-dә mәdәniyyәtin, beynәlxalq ticarәtin (karvansaralar arasında Dayә Xatın, Üstyurdda Beleuli) yenidәn çiçәklәnmәsinә imkan yaratdı. X. Monqol imperiyasının işğalları (1219–23 illәrdә; 1231 ildә qәti olaraq tabe edildi) zamanı dağıntılara mәruz qalsa da, 14 әsrdә Qızıl Ordanın әhәmiyyәtli vilayәtlәrindәn biri oldu. 1388 ildә Teymur bütün X.-i tabe etdi. X. üstündә Teymurilәrlә Qızıl Orda arasında bir әsrәdәk mübarizә getdi. 16 әsrin әvvәllәrindә X. Şeybanilәrin hakimiyyәtinә keçdi. 17 әsrin sonlarından X.-i әslin dә Kunqrat özbәk nәslindәn olan sәrkәrdәlәr idarә edirdilәr. Hәmin әsrin ortalarından Xivә X.-in paytaxtı oldu. Avropa vә rus әdәbiyyatında “Xivә xanlığı” termini işlәnirdi, yerli rәsmi terminologiyada isә Xarәzm dövlәti adı saxlanılırdı. Hazırda X. Qaraqalpaq vә Xarәzm (Özbәkistan) vilayәtlәrinin, hәmçinin Daşoğuz vil.-nin (Türk mәnistan) tәrkibindәdir.
H. ilә Azәrb., habelә Qafqaz arasında iqtisadi vә mәdәni әlaqәlәr olmuşdur. Tarixi mәnbәlәrdә Kür–Xәzәr dәnizi–Amu-dәrya ticarәt yolu haqqında mәlumat verilir. Azәrb. әrazisindә Xarәzmşahlar, Samani hökmdarları adından kәsilmiş gümüş vә mis pullar tapılmışdır. E.ә. 4–3 әsrlәrdә başqa xalqların bәdii mәdәniyyәt elementlәri ilә yerli mәdәni әnәnәlәrin qovuşması әsasında X.-in özünәmәxsus, orijinal incәsәnәti formalaşdı. Eramızın ilk illәrindә X. tәsviri sәnәtindә kuşanlar vә parfiyalılar vasitәsilә mәnimsәnilmiş ellinizm incәsәnәtinin tәsiri görünür. Qәdim X.-in düzbucaqlı planlı şәhәrlәri mәhәllәlәrlә tikilir, divar vә bürclәrlә möhkәmlәndirilirdi (Kuzәliqır vә s.). Ayrı-ayrı mәhәllәlәrdә, yaxud saray komplekslәrindә mәbәd vә ibadәtgahlar tikilir, müqәddәs odu saxlamaq üçün xüsusi meydançalar salınırdı. Saraylar (Qalalıqır, e.ә. 5–4 әsrlәr, Topraqqala, 2–3 әsrlәr) eyvanla әhatәlәnmiş dәbdәbәli hәyәtlәrdәn, zallardan vә dәhlizlәrlә birlәşdirilmiş otaqlardan ibarәt olurdu. Memarlıqla sintezdә inkişaf edәn X. boyakarlığı vә heykәltәraşlığında tәbiәtin mәhsuldar qüvvәlәrini mәdh etmәk vә hökmdarın hakimiyyәtini ilahilәşdirmәk ideyası әsas idi (Topraqqaladan tapılmış gildәn düzәldilәn rәngli heykәl vә ba relyeflәr, mineral boyalarla işlәnmiş polixrom divar rәsmlәri). Heykәl formasında hazırlanmış keramik ossuarilәr nadir sәnәt nümunәlәridir. Ərәb istilasından sonra X. incәsәnәtindә Xilafәtә daxil olan ölkәlәr üçün ümumi mәdәniyyәt ünsürlәri üstün yer tutmağa başlamışdı (bax Müsәlman mәdәniyyәti). Orta әsrlәr X. memarlığında orijinal çadırvarı günbәz konstruksiyaları tәtbiq edilirdi (qәdim Ürgәncdә türbәlәr, 12 әsr).










