XARƏZMİ ( الخوارزمي) Əbu Abdullah Mәhәmmәd ibn Əhmәd әl-Katib (?, Bәlx –997, ?) – islam alimi. Əslәn Xarәzmdәndir. Samanilәr sarayında xidmәt etmişdir. Mәlum olan yeganә әsәri “Mәfatihül-ülum”u (“Elmlәrin açarları”) baş vәzir Übeydullah ibn Əhmәd әl-Ütbiyә ithaf etmişdir. Elmlәrin tәsnifatına dair ensiklopediya sәciyyәli bu әsәr hәm dövrün ümumi elmi mәnzәrәsi, hәm dә müxtәlif elmlәrә aid terminlәrin müfәssәl izahı baxımından böyük әhәmiyyәt daşımış, әsasәn, müxtәlif sahәlәrdә çalışan katiblәr üçün tәlimat kimi nәzәr dә tutulmuşdu. Əsәrdә Samanilәrin dövlәt idarәçiliyi sisteminә dair mәlumatlar da var.
H. elmlәri iki qrupa ayırır: islam dünyasına aid elmlәr; yunanlardan vә başqa xalqlardan әxz edilmiş elmlәr (әcәm elmlәri). Birinci qrupa fiqh, kәlam, nәhv (qrammatika), kitabәt (katiblik), şeir vә әxbar (tarix), ikinci qrupa fәlsәfә, mәntiq, tibb, arismatiq (hesab), hәndәsә, nücum (astronomiya), musiqi, hiyәl (mexanika) vә kimya daxildir. Tibb bölmәsindә gözün quruluşundan xalq tәbabәtinә qәdәr әn müxtәlif mәlumatlar verilmiş, astronomiya bölmәsindә yunan, әrәb vә sasanilәrin astronomiyaya dair bilgilәri әksini tapmışdır. X.-nin müxtәlif sahәlәrdә yunan vә süryanicә terminlәrdәn, fars, türk vә Avropa xalqlarının tarixi vә siyasәt әnәnәlәriylә bağlı terminlәrdәn dәqiq istifadә etmәsi onun hәm Şәrq, hәm dә Qәrb mәdәniyyәtinә dәrindәn bәlәd olmasını göstәrir. Əsәrdәki mexanika bölmәsi 10 әsr müsәlman mühәndisliyinә dair yeganә mәnbә hesab olunur. “Mәfatihül-ülum” ilk dәfә 1895 ildә Leydendә nәşr edilmiş, daha çox alman elm tarixçisi E.Videman vә ingilis şәrq şünası K.E.Bosvort tәrәfindәn tәdqiq olunmuşdur.










