XARİCİ SÖZLƏR – ana dilin daşıyıcıları tәrәfindәn başqa dillәrdәn bu dilә daxil edilmiş vahidlәr kimi başa düşülәn vә ana dilin tam assimilyativ tәsirinә mәruz qalmayan alınma sözlәr. X.s.-in xeyli hissәsini alәmdә yayılmış elmi vә texniki terminlәr tәşkil edir.
X.s. onlarda iqtibas edәn dilә xas olmayan sәslәrin (mәs., Azәrb. dilindә “j” sәsi: jurnal, qaraj vә s.) mövcudluğunda, yaxud orfoqrafiyada (mәs., sözlәrdә iki samitin yanaşı işlәnmәsi: klub, plan, Marks vә s.) özünü göstәrir. X.s. spesifik xarici sözdü zәldici elementlәrә [sözönü (mәs., eks-, na-, bi-, geo-) vә şәkilçilәrә (mәs., -izm,-ist)] malik ola bilir.
Bәzi dәyişikliklәr (sözlәrin yazılışının orijinalda olduğu kimi, yaxud ana dilin normalarına uyğun) mәrhәlәsindәn sonra X.s. daxil olduğu dildә mәnimsәnilir vә daşıyıcıları tәrәfindәn doğma sözlәr kimi qәbul edilir, onların әcnәbi mәnşәyi isә yalnız etimoloji tәdqiqatlarda meydana çıxır. Azәrb. dilindә әrәb, fars, rus dillәrindәn vә bir sıra Avropa dillәrindәn alınma sözlәr işlәdilir.
Azәrb. dilindәki X.s. lüğәtinin tәrtibinә 20 әsrdә başlanmışdır. Bu sahәdә ilk addım olan “Əcnәbi sözlәr lüğәti”ndә (1-ci cild, 1947; Azәrb. EA-nın Dilçilik İn-tu) әrәb, fars vә Avropa mәnşәli sözlәr verilmişdir. S.Cәfәrov, İ.Hacıyev, H.Mirzәzadә, C.Bağırov tәrәfindәn tәrtib edilmiş “Azәrbaycan әdәbi dilindә işlәnәn әrәb vә fars sözlәrinin qısa lüğәti”ndә (1960) 6 min söz әhatә olunmuşdur. Lüğәtdә 13 әsrdәn başlayaraq, son dövrә qәdәr Azәrb. dilinә әrәb vә fars dillәrindәn keçmiş sözlәr daxil edilmişdir. 1966 ildә nәşr olunan “Ərәb vә fars sözlәri lüğәti”ndә Nәsimidәn başlayaraq, Azәrb. klassiklәrinin әsәrlәrindә işlәnmiş 16 mindәn çox söz vә ifadәnin izahı verilmişdir. Müasir dövrdә X.s.-in alınma dairәsi genişlәnmişdir.
Əd.: Q u r b a n o v A. Müasir Azәrbaycan әdәbi dili. 2 cilddә. 1-ci cild. B., 2003; M ә h ә r r ә m l i Q. Mediada işlәnәn alınma sözlәr. B., 2008.










