XARİCİ TİCARƏT – beynәlxalq әmtәә, xidmәtlәr, işlәr, informasiya, intellektual fәaliyyәtin nәticәlәrinin mübadilәsi ilә bağlı iqtisadi fәaliyyәt növü. Müxtәlif ölkәlәrin rezidentlәri (hәmin ölkәdә yaşayan iqtisadi agentlәr) arasında hәm mülkiyyәt sahibinin dәyişmәsi zamanı, o cümlәdәn TMK fәaliyyәt sferalarında ticarәt obyektlәrinin dövlәt sәrhәddini keçdiyi hallarda yerinә yetirilir.
X.t. sövdәlәri, adәtәn sabit valyutada, pul formasında, bәzәn xarici valyuta çatışmadıqda vә ya sәrt valyuta nәzarәti olduqda beynәlxalq qarşılıqlı әmtәә mübadilәsi vasitәsilә ödәnişsiz hәyata keçirilir. Nağd ödәnişsiz әmtәә mübadilәsi barter, ticarәt vә istehsalat kompensasiyası sövdәlәri yolu ilә hәyata keçirilir. Ticarәt kompensasiyası klirinq sazişlәri әsasında vә çatdırılmış әmtәәlәrә görә qarşılıqlı pul öhdәliklәrinin hesablanması vasitәsilә baş verir. İstehsal kompensasiyası mәhsul bölgüsü haqqında razılaşma әsasında, mәhsulun istehsalı üçün öncәdәn alınan xammal, yaxud avadanlıqların әvәzindә mәhsul tәdarükü ilә hәyata keçirilir.
X.t. әmtәә vә xidmәtlәrin ixracı (göndәrilmәsi) vә idxalından (gәtirilmәsi) ibarәtdir. İxrac vә idxalın cәmi ölkәnin X.t. dövriyyәsini, fәrqi – X.t. saldosunu tәşkil edir. Müsbәt saldo aktiv, mәnfi saldo passiv adlandırılır. Statistik hesabatda idxal çıxıldıqdan sonra qalan hissә xalis ixrac adlandırılır.
Bütün ölkәlәrin X.t.-inin mәcmusu dünya bazarını formalaşdırır, onun әsasında beynәlxalq әmәk bölgüsü dayanır.
Müxtәlif ölkәlәrdә fәrqli istehsal xәrclәri ilә istehsal olunan eyni әmtәәlәrin X.t.-i hәm ixracatçılara, hәmçinin idxalatçılara iqtisadi mәnfәәt gәtirir. Bu halı klassik siyasi iqtisadiyyatın nәzәriyyәçilәri A.Smit vә D.Rikardo müәyyәn etmişlәr. Ölkәnin digәr ölkәlәrә nisbәtәn az xәrclә әmtәә istehsaletmә qabiliyyәti mütlәq üstünlük demәkdir. Belә әmtәәlәrin ixracı ixracatçının istehsal vә gәlirinin hәcmini artırır, eyni zamanda nisbәtәn ucuz әmtәә idxal edәn ölkәdә istehsal mәsrәflәri vә istehlak xәrclәri azalır. X.t. mütlәq üstünlük olmadığı halda da qarşılıqlı qazanc gәtirә bilir. Hәr bir ölkә, digәr ölkә ilә müqayisәdә istehsalında nisbәtәn üstün olduğu әmtәәlәri ixrac, özündә istehsal xәrclәri nisbәtәn yüksәk olan әmtәәlәri idxal edә bilәr.
Amerikalı alim M.Porterin әsәrlәri (1980 ildәn), әsasәn eyni texnoloji-iqtisadi sәviyyәyә malik inkişaf etmiş ölkәlәr arasında genişlәnәn müasir beynәlxalq ticarәtdә rәqabәtin araşdırmalarına hәsr olunmuşdur. Müasir rәqabәt üstünlüklәri qabaqcıl texnologiyaların inkişaf sәviyyәsindәn, kapitalın hәcmi vә çevikliyindәn asılıdır. Bazarda yaranmış yeni tәlәbatı, yaxud yeni texnologiyanın potensialını başa düşәn, hәmçinin bu imklanlardan dәrhal vә fәallıqla istifadә edәn firmalar dünya bazarında güclü mövqe tutur.
Müasir rәqabәtdә infrastrukturun, elmitexniki vә informasiya-kommersiya biliklәrinin inkişafı böyük rol oynayır. Dövlәtin daxili iqtisadi siyasәti (vergi, valyuta-kredit, investisiya), hәmçinin xarici iqtisadi әlaqәlәri mühüm әhәmiyyәt kәsb edir. Bununla bәrabәr, X.t.-dә, bәzәn “ticarәt müharibәlәrinә” vә müәyyәn әmtәәlәrin ölkә bazarında alqı-satqısına qarşılıqlı inzibati mәhdudiyyәtlәrә çevrilәn dövlәtlәrarası münaqişәlәr ola bilir. Hәr hansı idxal mәhsulu bazara aşağı qiymәtlә daxil olduqda vә milli sәnaye onunla rәqabәt apara bilmәdikdә, idxalçı ölkәnin hökumәti öz milli sәnayesini müdafiә mәqsәdilә ixracın subsidiyalaşdırılması iddiasını bәhanә edәrәk kompensasiya rüsumu tәtbiq edә, yaxud sanitar normalarına әmәl olunmadığı üçün idxala qadağa qoya bilәr.
Xarici iqtisadi әlaqәlәrin geniş inkişafı iri sәnaye sahәlәrinin yaranması, onların mәhsullarının milli bazardan kәnarda satışı üçün şәrait yaratdı. Gәmiqayırma vә tәyyarәqayırmanın ardınca, әvvәldәn daxili bazara deyil, dünya bazarına yönümlü mikroprosessorların vә proqram tәminatının istehsalı yaradıldı. Bütün dünya tәsәrrüfatı tәlәbatını ödәyәn belә sahәlәrin istehsalının bir neçә ölkәdә tәmәrküzlәşmәsinin әsasında mәhsulun yüksәktexnoloji mürәkkәbliyi, iri istehsal güclәrinin vә yük sәkixtisaslı mütәxәssis heyәtinin zәruriliyi dayanır.
Beynәlxalq ticarәt nәzәriyyәsinә әsasәn X.t.-in inkişafı nәticәsindә ixracyönlü sahәlәrdә istehsalın artıması hesabına bütün ölkәlәrin rifahı yüksәlir. Bununla yanaşı, dünya statistikası göstәrir ki, inkişaf etmiş ölkәlәrin ixrac mәhsullarına tәlәbat inkişaf etmәkdә olan ölkәlәrdәn әnәnәvi mәhsulların (xammal, yanacaq, tropik bitki mәhsulları) ixraca nisbәtәn daha sürәtlә artır. İnkişaf etmәkdә olan ölkәlәrdә mәhsuldarlığın artması onların istehsal etdiklәri resursların qiymәtinin azalmasına tәsir edir. Eyni zamanda inkişaf etmiş ölkәlәrdә mәhsulların emal dәrәcәsinin artması yaradılan әlavә dәyәrin hәcmini artırır, çünki, xammal vahidinә әmәk vә kapital sәrfi çoxalır. İnkişaf etmiş ölkәlәrdә yanacaq vә vәsaitә qәnaәt edәn texnologiyaların tәtbiqi yeni, süni materialların (konstruksiya plastik kütlәlәri, kompozit vә yüksәkkeçirici materiallar) istifadәsi mәhsulun material vә enerji tutumu ilә yanaşı resurslarına әnәnәvi xammal vә yanacaq tәlәbatı da azalır.
Dünya ticarәti, әsasәn, emal sәnayesi mәhsul istehsalının artması hesabına genişlәnir. Statistik mәlumatlara görә, 1950–2000 illәrdә dünya üzrә k.t. istehsalı 3,4 dәfә, onun mәhsul ixracatının fiziki hәcmi 5,8 dәfә; müvafiq olaraq, hasilat sәnayesi üzrә 4,1 vә 8,4 dәfә; emal sәnayesi üzrә 10,3 vә 42,6 dәfә artmışdır. Emal sәnayesinin digәr göstәricilәri xeyli vә sabit şәkildә qabaqlaması 20 әsrin 80-ci illәrinin sonlarından müşahidә olunurdu.
X a r i c i t i c a r ә t m u l t i p l i k a t o r u (artıran) X.t.-in, mәs., sәrf olunmuş ÜDM göstәricisindә әks olunan mәcmu milli tәlәbata tәsirini göstәrir.
Makroiqtisadi balans münasibәtlәri bu formada olur: ümumi mәhsul (Y) = istehlak (C) + investisiyalar (I) + ixrac (X) – idxal (M).
İstehlak iki hissәdәn ibarәtdir: birinci – zәruri olan xәrclәr (C0), ikinci – ümumi mәhsulun artıb-azalmasından asılıdır, yәni C = C0 + cY. Eynilә, ölkәyә zәruri vә ümumi mәhsulun kәmiyyәtindәn asılı olan idxal (M0 ) mövcuddur, yәni M = M0 + mY.
Adәtәn, istehlak vә idxala hәdli meyil adlandırılan c vә m parametrlәri, C0 vә M0 göstәricilәri ilә birlikdә riyazi hesablamalar yolu ilә sayca müәyyәn oluna bilәr. Balans nisbәti dәyişdirilә bilәr:
Y = C + I + X – M = C0 + cY + I + X – M0 – mY, onda Y – cY + mY = C0 + I + X – M0, yaxud Y(1 – c + m) = C0 + I + X – M0
Buradan ümumi mәhsul üçün müәyyәn olunan tәnlikdә
Y = (C0 + I + X – M0) × [1/(1 – c + m)] dәyişәn kәmiyyәtlәr ümumi mәhsul, investisiyalar vә ixracdır. Verilәn ifadә investisiya vә ixracın artdığı halda millәtin gәlirinin artdığını göstәrir. [1/(1 – c + m)] әmsalı multiplikator adlandırılır. c vә m parametrlәri müxtәlif ölkәlәrdә, elәcә dә bir ölkәdә müxtәlif tarixi dövrlәrdә xeyli fәrqlәnә bilәr.
Keynsçi multiplikator nәzәriyyәsi göstәrir ki, inkişaf etmәkdә olan ölkәlәrdә belә, hәtta ixracatın hәcmi miqyaslı artsa da, tәlәbatı üstәlәyәn istehlak mallarının (bahalı istehlakçı әmtәәlәri vә silahlar) idxalına yüksәk meyil olduqda ümumi mәhsulun artımı xeyli zәiflәyir.
Hazırda beynәlxalq ticarәtin tәqr. 1/4-i müxtәlifçeşidli beynәlxalq tәşkilatların tәsnif etdiyi fәrqli xidmәtlәr mübadilәsinin payına düşür. Funksional әlamәtlәrinә görә yanaşı göstәrilәn xidmәtlәr (әmtәәlәrin satıcıdan alıcıya hәrәkәti prosesindә) vә müstәqil xidmәtlәr olur. Əksәr xidmәtlәr (rabitә, maliyyә xidmәtlәri, icarә, audit, turizm vә s.) müstәqil sövdә obyektidir. Poçt, telefon vә digәr rabitә növlәri bütün fәaliyyәt sferalarına xidmәt göstәrir.
Beynәlxalq mübadilәnin böyük hissәsi tikinti vә avadanlıq quraşdırılması, elmitәtqiqat, konstruktor vә layihә-kәşfiyyat işlәmәlәri, informasiya-hesablama xidmәtlәri, bazarların araşdırılması podrat kimi işlәrinin yerinә yetirilmәsi ilә әlaqәdardır.
Bilik vә texnologiyaların beynәlxalq ötürülmәsinin genişlәnәn sferası növbәti әmәkdaşlıq formalarını әhatә edir: injinirinq (yeni texnologiyaların alınması, quraşdırılması vә mәnimsәnilmәsi xidmәtlәri), konsaltinq (idarәetmә konsultasiyası), lisenziyalı müqavilәlәrin bağlanılması (patentlәr, ixtiralar, nou-hau, ticarәt markaları vә s. hüquqların müәyyәn müddәtә başqasına verilmәsi). İntellektual mülkiyyәt obyektlәri bazarının beynәlxalq araşdırma vә informasiya mübadilәsi ilә birgә inkişafı maşınlar vә qurğuların X.t.-inin artması ilә әlaqәlidir vә texniki tәrәqqinin nәticәsidir.











