XARİCİLƏR, X ә v a r i c ( الخوارج)–Siffin vuruşması (657) zamanı müsәlmanlar içindә meydana gәlmiş dini-siyasi qrup. Xәlifә Əli ibn Əbu Talib [656–661] qәlәbә әzmindә olarkәn Müaviyә ibn Əbu Süfyan Quran әsasında hökm çıxarılmasını tәklif etmişdi. Xilafәt ordusunun әksәr hissәsi tәklifin lehinә olmuş vә xәlifә döyüşü dayandırmaq mәcburiyyәtindә qalmışdı. Buna etiraz әlamәti olaraq Xilafәt ordusun dan ayrılmış bir qrup (tәqr. 4 min nәfәr) X. adlanmışlar. İlk mәrhәlәdәn radikallığı ilә seçilәn X. yerlәşdiklәri mәntәqәlәrdә әhalini öz әqidәlәrinә zorla tabe etdirir, qәtllәr törәdirdilәr. X.-lә razılığa gәlmәk cәhdlәri baş tutmadıqda onların әsas mәrkәzi olan Nәhrәvana yürüş edәn Əli 659 ildә onları mәğlub etdi. Qalan X. hәm Əli, hәm dә Müaviyәyә qarşı mübarizәyә başladılar. Əli X.-in tәşkil etdiyi sui-qәsdlә öldürüldü.
X. İranın müxtәlif bölgәlәrindә, Oman, Bәhreyn, Hәzrәmaut, Yәmәn, Şimali Afrikada yayılmış, әzraqilәr, ibazilәr, beyhәsilәr, süfrilәr vә s. qollara ayrılmışlar. Bütün Əmәvi vә Abbasi xәlifәlәrinә qarşı çıxmış, dәfәlәrlә Xilafәt әleyhinә üsyanlar qaldırmışlar. İbazilәrin Əlcәzairdә qurduqları Rüstәmilәr dövlәtinә [777–909] Fatimilәr [909–1171] son qoymuş, axırıncı xarici üsyanları da onların dövründә yatrılmışdır. İbazilәr istisna olmaqla, bütün X. tәdricәn tarix sәhnәsindәn silinmişlәr.
İlkin mәrhәlәdә sırf siyasi mәqsәd güdәn X. sonradan siyasi görüşlәrini kәlam mövzuları ilә uzlaşdırmış, lakin, ibazilәr istisna olmaqla, bu sahәdә tam bir sistem qura bilmәmişlәr. Ehkamçılığa üstünlük vermiş, Quranın zahiri anlamı ilә kifayәtlәnmiş X.-in әdalәtli rәhbәr nәzәriyyәsi (rәhbәr olmaq üçün ümdә şәrt milli vә ya sinfi mәnsubiyyәt deyil, әdalәtli olmaqdır), müsәlman xalqlar arasında bәrabәrlik ideyaları qeyri-әrәb müsәlmanları cәlb etmişdir. X.-in fәqihlәr, mütәkәllimlәr, tarixçilәr, şairlәr, xәtiblәr vә b.-ndan ibarәt görkәmli nümayәndәlәri olmuşdur. Əbu Bәkr Bәrdәi xarici idi.










