XASS BƏY Arslan ibn Pәlәngari (? –1153, Hәmәdan) – sәlcuq әmiri, sultan Mәsud Qiyasәddinin [1134–52] vәziri. Dövlәti tәkbaşına idarә edәn X.b. narazı әmirlәrin (o cümlәdәn Şәmsәddin Eldәnizin) tәkidi ilә iki dәfә (1146 vә 1148 illәrdә) vәzifәdәn uzaqlaşdırılmışdı. Mәsudun ölümündәn sonra sultan seçilәn Mәlikşahın [1152–53] dövründә X.b. yenidәn hakimiyyәti öz әlindә cәmlәşdirdi. Başı әylәncәyә qarışan Mәlik şahın idarәetmә bacarığı olmadığından X.b. onu Hәmәdan qalasına saldırdı vә yerinә qardaşı Mәhәmmәdi [1153–59] hakimiyyәtә gәtirdi. Lakin X.b.-i özü üçün tәhlükә hesab edәn Mәhәmmәd üç gündәn sonra onu vә tәrәfdarlarını edam etdirdi. X.b.-in başı Marağa hakimi Nüsrәtüddin ilә Arran hakimi Şәmsәddin Eldәnizә göndәrildi. Nüsrәtüddin vә Şәmsәddin Eldәnizin Zәncan valisi ilә birgә Hәmәdana yürüşündәn sonra sultan Mәhәmmәd İsfahana qaçdı.










