XAŞXAŞKİMİLƏR (Papaveraceae) – ikilәpәli bitkilәr fәsilәsi. Müxtәlif rәngli bol südlü şirәyә malik çoxillik, bir-iki illik otlar, nadir hallarda kiçik ağac vә kollardır. Yarpaqları növbәlidir (bәzәn köbәlidir), yalançı zoğsuzdur. Çiçәklәri tәkdir vә ya çiçәk qrupundadır, әsasәn iri, parlaqrәngli, çoxlu erkәkciklidir. Kasayarpağı (2, bәzәn 3–4) qönçәdә qapalıdır, bir qayda olaraq, tökülәndir. Çiçәk tacında lәçәklәri adәtәn 4 әdәddir (bәzәn daha çoxdur), çox vaxt tez tökülür; bokkoniya (Bocconia) vә makleya (Macleaya) cinslәrindәn olan bitkilәrdә lәçәklәr yoxdur. Toxumluqda çoxlu miqdarda toxum rüşeymi olur. Meyvәlәri buynuzmeyvә, bәzәn şişmiş qozalardır (çox vaxt qapaqcıqlıdır). 23–25 cinsi vә 250-yә yaxın növü Holoarktikada (Arktikanın yuxarı en dairәlәrindәn sәhralaradәk) yayılmışdır, dağlarda tropiklәrә qәdәr çatırlar. Ən iri cinslәri xaşxaş (120-yәdәk növü), argemon (Argemone, Amerikada 50 növü), mekonopsisdir (Meconopsis, 45 növü, başlıca olaraq Asiyada). X.-in nümayәndәlәri izoxinolin alkaloidlәrin (morfin, kodein, papaverin, tebain, sanqvinarin, xeleritrin, qlautsin vә s.) mәnbәyidir. Bu, bitkilәrin bütün hissәlәrinin tәrkibindә ola bilir; hәlә qәdimdәn tibdә tәtbiq edilir. Xaşxaş, dәmrovotu, buynuzlalә, sanqinarium (Sanguinaria) vә s. cinslәrin növlәri xalq tәbabәtindә istifadә olunur. Bir çox növlәrin toxumlarının tәrkibindә qiymәtli yağlar olur. X.-in xeyli hissәsi – dekorativ bitkilәrdir. Onların içәrisindә xaşxaşlar, eşşolsiya, mekonopsis (mavi xaşxaşlar) cinslәrinin növlәri vә s. var.










