XÁTANQA – RF-nin Krasnoyarsk diyarında çay. Kotuy vә Xeta çaylarının birlәşmәsindәn әmәlә gәlir. Uz. 227 km (Kotuyla birlikdә 1636 km), hövzәsinin sah. 364 min km2. Şimali Sibir ovalığı ilә axaraq qollara ayrılır; aşağı mәcrasında çoxlu ada var. Laptevlәr dәnizinin Xatanqa körfәzinә tökülür. Əsasәn qar suları ilә qidalanır. Orta illik su sәrfi aşağı axınında 3320 m3/san. Mayın sonundan avqustadәk bolsuludur. Sentyabr–oktyabrdan iyunadәk donmuş olur. X. hövzәsindә ümumi sah. 11,6 min km2 olan tәqr. 112 min göl var. Gәmiçiliyә yararlıdır. Balıq (çil qızılbalıq, ziyad balığı, maksun, nelma, alabalıq, şimal qızılbalığı) ovlanır. Xatanqa gәmi dayanacağı X. sahilindәdir.










