XATƏMKARLIQ, r i z ә k a r l ı q – dekorativ-tәtbiqi sәnәt növü. Mәişәt әşyalarının (mücrü, müxtәlif qutular, qәlәmdan, güzgü, nәrdtaxta, rәhil, kürsü, musiqi alәtlәri vә s.), silah, zinәt mәmulatlarının bәzәk işlәrindә, memarlıq elementlәrinin (sütun, sütun başlığı, eyvan vә s.) bәdii tәrtibatında tәtbiq olunur. Əlvan metal tәbәqәlәrindәn, fil vә digәr heyvanların sümüyündәn (son dövrlәrdә plastmasdan) düzәldilәn kiçik hәndәsi fiqurlar sonra metal, keramika, ağac mәmulatlarına estetik görünüş vermәk mәqsәdilә onların üzәrindә yerlәşdirilәrәk, müxtәlif formalı naxışlar yaradılır. Əşya üzәrindә yazı işlәmәk vә rәsm çәkmәk dә X.-ın xeyli zәhmәt tәlәb edәn sahәsidir. Mürәkkәb kompozisiya әsasında işlәnәn mәmulatlar quruluş baxımından memarlıqdakı taxta şәbәkәlәrә bәnzәyir. Texniki xüsusiyyәtlәrinin çәtinliyi cәhәtdәn X. ilә әn mahir sәnәtkarlar mәşğul olmuş vә bu sәnәt әsrlәr boyu yüksәk qiymәtlәndirilmişdir.
Sәnәt növü kimi X. qәdim dövrlәrdәn bütün Yaxın Şәrqdә, o cümlәdәn İran, Türkiyә, Misir, elәcә dә İtaliya, İspaniya vә Mәrakeşdә geniş yayılmışdı. Azәrb.-da bu üsuldan әn çox Tәbriz, Ərdәbil, Şuşa vә Gәncә sәnәtkarları istifadә etmişlәr. Şah İsmayıl Xәtainin taxtı (16 әsr, Topqapı muzeyi, İstanbul) vә Moskvadakı Silah palatasında saxlanılan qalxan (16 әsr, usta Mәhәmmәd Mömin) X. üsulu ilә işlәnmiş әn yaxşı sәnәt nümunәlәrindәndir. 20 әsrdә Azәrb.-da X. ustalarının (Əli vә Hüseyn Pәriyab qardaşları vә b.) nәfis şәkildә işlәdiklәri sәlis kompozisiyalı, mürәkkәb naxışlı bәdii qutular, mücrülәr, hәdiyyә qovluqları vә s. mәmulatlar rәsm vә rәng incәliyi ilә diqqәti cәlb edir. Bax hәmçinin İnkrustasiya mәqalәsinә.










