XATIN – Belarusda (Minsk vil.-nin Loqoysk r-nu) keçmiş kәnd. İkinci dünya müharibәsi illәrindә almanların işğal etdiklәri әrazilәrdә hәyata keçirdiklәri soyqırımı siyasәti vә “yandırılmış torpaq” taktikasının simvoluna çevrilmişdir. 1943 il martın 22-dә alman zabitinin partizanlar tәrәfindәn öldürülmәsinin qisası kimi 118-ci polis batalyonu ilә SS-in “Dirlevanger” batalyonu tәrәfindәn tamamilә mәhv edilmişdir. Partizanlara yardım etdiklәri ehtimalına görә, qocalar, qadınlar vә uşaqlar daxil olmaqla, kәndin bütün әhalisi (149 nәfәr) öldürülmüşdür: çoxu diri-diri yandırılmış, gizlәnmәyә, yaxud qaçmağa cәhd edәn digәrlәri güllәlәnmişdir (yalnız iki uşaq sağ qalmışdır). Belorussiya KP MK-nın qәrarına (1966, yanvar) әsasәn 1969 il iyulun 5-dә X.-ın yerindә xatirә memarlıq-heykәltәraşlıq kompleksi açılmışdır. Layihәnin müәlliflәri memarlar Y.M.Qradov, V.P. Zankoviç, L.M.Levin vә heykәltәraş S.İ. Selixanovdur. Kompleks bir neçә heykәltәraşlıq elementindәn ibarәtdir: “Xatın harayı”, “Kәndlәr qәbiristanı”, “Xatın tüstülәri”, “Xatirә meydanı” (memorial lövhә vә Əbәdi mәşәl ilә birlikdә), “Yenilmәz insan”. “Xatın” xatirә kompleksi Belarus Resp.-nın Dövlәt tarixi-mәdәni sәrvәtlәri siyahısına daxil edilmişdir.










