XENÁN – Çindә, Xuanxe vә Xuayxe çayları hövzәsindә әyalәt. Sah. 166 min km2. Əh. 99,3 mln. (2020). İnz. m. Çjençjou ş.-dir.

Tәbiәti. Ş. hissәsi Böyük Çin düzәnliyindәdir. Q.-ini Sinlin vә Tayxanşan d-rının qolları tutur. Çay şәbәkәsi sıxdır, çoxlu göl vә suvarma kanalları, kiçik, әsasәn, çaylaq göllәri dә var. Mülayim musson vә subtropik musson iqlimi sәciyyәvidir: orta temp-r yanvarda –6°C-dәn 2°C-yәdәk, iyul da 26–28°-dir. İllik yağıntı 500–600 mm-dәn 800–1000 mm-әdәkdir. Ərazidә әn çox yayılmış torpaqlar çәmәnqәhvәyi, allüvial, sarı-qonur vә çәmәn şoranlarıdır. Əyalәtin k.t-nda min ildәn çoxdur ki çәltik, buğda, pambıq, yerfındığı, tütün, darı vә soya becәrilir. Bu, torpaqların dәrindәn trans formasiyasına vә tәbii bitkiliyin tamamilә mәhvinә sәbәb olmuşdur.
Son 20 il әrzindә X. iqtisadiyyatı sürәtlә inkişaf etmişdir. ÜDM-in hәcmi 427 mlrd. dollar (Çin üzrә 5-ci yer; 2011). Tәsәrrüfatın әsasını әnәnәvi olaraq k.t. tәşkil edir. Əsasәn, buğda, küncüt, çәltik, pambıq, qarğıdalı becәrilir. Mal әti, donuz әti, heyvan mәnşәli yağ istehsal olunur. Əyalәtin sәnaye istehsalının tәqr. 14%-ini qida mәhsulları istehsalı vә onların emalı tәşkil edir.
X.-da energetika, toxuculuq, yeyinti, hәmçinin metallurgiya, kimya, maşınqayırma vә elektronika sәnayesi sahәlәri inkişaf etmişdir. Molibden ehtiyatına görә X. dünyada 2-ci yerdәdir. Əyalәtdә hәmçinin daş kömür, alüminium, qәlәvi metallar, volfram hasil olunur. Onların ixracı vә emalı әsas gәlir mәnbәlәrindәn biridir.
Xidmәt sferası zәif inkişaf etmişdir. Maliyyә vә ticarәt xidmәtlәri, әsasәn, Çjençjou vә Loyan kimi şәhәr mәrkәzlәrindә tәmәrküzlәşmişdir.










