XEÓPS (Qәdim Misir dilindә Xufu, tam adı Xnum-Xufu, hәrfәn “Xnum qoruyur mәni”; Herodotun әsәrindә qәdim yunan transkripsiyası Xέωψ, Manefonun әsәrindә Σοῦφις) – Misirin dördüncü sülalәsinin fironu (23 il, ehtimal ki, tәqr. e.ә. 27 әsrin sonu – e.ә. 26 әsrin birinci rübündә hakimiyyәtdә olmuşdur). Snofrunun oğlu vә varisi. Qәdim Misirin Cizә nekropolunda (Memfis yaxınlığında) hünd. 146,6 m olan әn möhtәşәm firon piramidasını – Axet-Xufunu (“Xufunun üfüqü”) tikdirmişdir. Herodotun mәlumatına görә, misirlilәri istismar edәrәk vә mәbәdlәri bağlatdıraraq (bu, ehtimal ki, X.-un vә ümumiyyәtlә Qәdim padşahlıq dövründә başlıca dini mәrkәzlәrin mәbәdlәr deyil, firon qәbirlәrinin olması ilә әlaqәdardır) o, piramidanı tәqr. 30 il әrzindә tikdirmişdir. Ola bilsin ki, Günәş allahı Ranın (fironun varislәri Ranın oğulları adlandırılırdı) ümummisir sitayişi X.-un dövründә meydana gәlmişdir. Hәm antik, hәm dә Misir әnәnәsindә (Vestkar papirusu nağıllarında) mәnfi qiymәtlәndirilirdi.










