XƏLİLOV Cabbar Əsәdulla oğlu (9.5.1928, Quba r-nunun Xucbala k. – 29.3.1994, Bakı) – Azәrb. arxeoloqu, tarix e.d.(1976), prof. (1982). 1952 ildә Azәrb. Dövlәt Un-tini bitirdikdәn sonra aspiranturaya daxil olaraq Moskva ş.-ndәki SSRİ EA-nın Maddi Mәdәniyyәt Tarixi İn-tuna ezam edilmişdir. 1955 ildә hәmin in-tda “Qәrbi Azәrbaycanın Son Tunc vә Erkәn Dәmir dövrü arxeoloji abidәlәri” mövzusunda namizәdlik dissertasiyasını müdafiә etmişdir. Kuybışev, Şimali Qafqaz arxeoloji ekspedisiyalarında, Azәrb.-da Mingәçevir, Örәnqala ekspedisiyalarında iştirak etmişdir. 1956 ildәn Azәrb. EA-nın Tarix İn-tunda (1993 ildәn Arxeologiya vә Etnoqrafiya İn-tu) çalışmış, 1968 ildәn Çöltәdqiqat şöbәsinin müdiri, eyni zamanda Çöl-tәdqiqat işlәri bürosunun sәdri olmuşdur. 1957–94 illәrdә Azәrb. EA-nın Azәrb. tarixi muzeyinin, Tarix İn-tu, hәmçinin Arxeologiya vә Etnoqrafiya İn-tunun 5 arxeoloji-etnoqrafik ekspedisiyalarının rәisi olmuş, 1968–70-ci illәrdә Azәrb. Dövlәt Un-tindә arxeologiya fәnnindәn mühazirәlәr oxumuşdur. X.-un Şabran, Gәncә, Quba vә Şamaxı kimi qәdim Azәrb. şәhәrlәrinin tәdqiqindә xüsusi xidmәtlәri var. Albaniya (Qafqaz) dövlәtinin, onun әrazisindә şәhәrlәrin meydana gәlmәsi tarixinin arxeoloji baxımdan dәqiqlәşdirilmәsi, lokal variantlara malik yüksәk sәviyyәli vahid alban mәdәniyyәti konsepsiyasının işlәnib hazırlanması vә bu mәdәniyyәtin Kür çayının hәr iki sahilindә yayılmasının müәyyәnlәşdirilmәsi X.-un başlıca elminәzәri uğurlarıdır. 150-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiya, 3 kitab, 2 kitabçanın müәllifidir. Bir neçә kitabın elmi redaktoru, “Tarix İnstitutunun әsәrlәri”, “Azәrbaycanın maddi mәdәniyyәti” vә s. dövri nәşrlәrin redaksiya heyәtinin üzvü olmuşdur. “Azәrbaycan Sovet Ensiklopediyası”nın elmi mәs lәhәtçisi vә bir sıra mәqalәlәrin müәllifi idi. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Qәrbi Azәrbaycanın tunc dövrü vә dәmir dövrünün әvvәllәrinә aid arxeoloji abidәlәri (Şamxor vә Zәyәm çayları hövzәlәri). B., 1959; Материальная культура Кавказской Албании (IV в. до н.э. – III в.н.э.). Б., 1984; Крым, Северо-Восточное Причерноморье и Закавказье в эпоху средневековья (IV–XIII века). М., 2003 (müştәrәk).










