XƏLİLOV Qurban Əli oğlu (15.11.1906, Cәnubi Azәrb.-ın Kәhrәlan k. – 20.3.2000, Bakı) – Azәrb. dövlәt vә partiya xadimi. Fәhlә ailәsindә doğulmuşdur. Əmәk fәaliyyәtinә 1923 ildә Bakıda başlamışdır. Azәrb. Sәnaye İn-tunu bitirmiş (1933), sovet ordusunda xidmәt etmişdir (1935–36). Maşınqayırma z-dlarında mühәndis, sex rәisi (1932–35, 1937), direktor (1937–42) işlәmişdir. Azәrb. KP Bakı Şәhәr Komitәsinin katibi (1942–45), “Azәr neft” vә “Azәrneft-kәşfiyyat” birliklәri rәisinin müavini, tikinti trestinin müdiri, bir sıra digәr vәzifәlәrdә çalışmış (1945–55), Azәrb. SSR yerli sәnaye naziri (1955–58), maliyyә naziri (1958–69) olmuşdur. 1969–85 illәrdә Azәrb. SSR Ali Soveti Rәyasәt Heyәtinin sәdri, 1970 ildәn SSRİ Ali Soveti Rәyasәt Heyәti sәdrinin müavini idi. SSRİ Ali Sovetinin (8–11-ci çağırış), Azәrb. SSR Ali Sovetinin (2, 5–11-ci çağırış) deputatı olmuşdur. 5 dәfә Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmәk Bayrağı, Qırmızı Ulduz ordenlәri vә medallarla tәltif edilmişdir.











