XƏLVƏTİYYƏ ( الخلوتية) – sufi tәriqәti. X. haqqında geniş mәlumat Mahmud Cәmalәddin әl-Hülvinin “Lәmәzati-hülviyyә әzlәmәati-ülviyyә” (“Böyük vәlilәrin şirin halları”) adlı әsәrindә verilmişdir. Tәriqәtin mәnәvi banisi sayılan Ömәr Xәlvәtinin tәriqәt silsilәsi mürşidi vә әmisi Şeyx Kәrimәddin Əxi Mәhәmmәd Xәlvәti (ö.1378) vasitәsilә Şeyx Zahid Gilaniyә bağlanır. Ömәr Xәlvәtidәn sonra X.-nin silsilәsi Əxi Mirәm (ö.1409), Hacı İzәddin (ö.1425) vә Sәdrәddin Xiyavi (ö. 1455) ilә davam edәrәk, tәriqәtin ikinci piri vә hәqiqi banisi sayılan Seyyid Yәhya Bakuviyә (“Piri-sani” – ikinci pir) çatır. X. tәriqәt kimi Bakıda Bakuvinin rәhbәrliyi ilә qurulmuş vә inkişaf etmiş, buradan onun müridlәri vasitәsilә Anadoluya, Anadoludan isә Balkan y-a, Suriya, Şimali Afrika, Sudan, Hәbәşistan vә Cәnubi Asiyaya qәdәr yayılmış vә belәliklә әn çox ardıcılı vә tәkyәsi olan tәsәvvüf mәktәbinә vә islam dünyasının әn böyük tәriqәtinә çevrilmişdir. X. Azәrb.-da daha çox Şamaxı, Quba, Gәncә, Bәrdә, Qarabağ vә Tәbriz bölgәlәrindә yayılmışdı. Bakuvinin Şirvandakı xәlifәsi Yusif Müşkürinin Şamaxıda qurduğu, sonralar fәaliyyәtini Quba civarlarında davam etdirdiyi tәkyәsi Anadoluya yayılaraq şәmsiyyә vә sivasiyyә qolları kimi mәşhurlaşmışdır. Yusif Müşküri tәkyәsinin Azәrb.-ın şm. zonasındakı fәaliyyәti fasilәlәrlә 19 әsrәdәk davam etmiş, sonuncu şeyx Qasım Qubavinin rus işğalı zamanı İstanbula köçmәsilә sona çatmışdır. Bakuvinin vәfatından sonra Bakıdakı xanәgahda qısa müddәt onun oğlu Fәthullah (1466–67), daha sonra isә Şükrullah Xәlvәti şeyxlik etmişdir (1467–76). 16 әsrdәn etibarәn X. Azәrb.-da tәdricәn tәsirini itirmişdir.
Bakuvidәn sonra X. rövşәniyyә (banisi Dәdә Ömәr Rövşәni), cәmaliyyә (banisi Camal Xәlvәti), әhmәdiyyә (banisi Əhmәd Şәmsәddin) vә şәmsiyyә (banisi Şәmsәddin Sivasi) olaraq dörd qola ayrılmışdır. Rövşәninin xәlifәlәri İbrahim Gülşәni vә Mәhәmmәd
Dәmirdaş gülşәniyyә vә dәmirdaşiyyә tәriqәtlәrini qurmuşlar. X. Bakuvinin xәlifәlәri Dәdә Ömәr Rövşәni vә onun böyük qardaşı Əlaәddin Əli, Hәbib Qaramani, Şükrullah Xәlvәti, Mәhәmmәd Bahaәddin Ərzincani, Yusif Müşküri vasitәsilә әn yüksәk zirvәsinә çatmışdır. Cәmaliyyә tәriqәtindәn sünbüliyyә, әssaliyyә, şәbaniyyә vә bәxşiyyә qolları ayrılmışdır. Şimali Afrikada meydana gәlmiş rәhmaniyyә (18 әsr) vә ticaniyyә (19 әsr) tәriqәtlәri şәbaniyyәnin davamıdır. Əhmәdiyyә X.-nin Osmanlı әrazisindә әn çox şöbәsi olan qolu idi (18 әsrdә meydana gәlmiş cәrrahiyyә onun davamıdır). II Bәyazidin [1481–1512] dövründә X. öz inkişafının zirvәsinә çatmış, tәriqәtin mәrkәzi Amasyadan İstanbula köçmüşdür. Batini әqidә ardıcıllarının sıxışdırıldığı I Sәlimin [1512–20] dövründә gerilәyәn X. Süleyman I Qanuni [1520–66] vә II Sәlimin [1566–74] dövründә yenidәn çiçәklәnmişdi. Bir çox görkәmli şәxs vә dövlәt nümayәndәsi tәriqәtә maraq vә qayğı göstәrmişdir; şәbaniyyә mәhz bu dövrdә inkişaf etmişdir. X. Osmanlı dövlәtindә hakimiyyәt dairәlәrindәki nüfuzuna vә yayılma arealına görә tәriqәtlәr arasında birinci yerdә idi.
X. Şimali Afrikaya birinci mәrhәlәdә Dәmirdaş, Gülşәni vә Şahin Xәlvәti, ikinci mәrhәlәdә Mustafa әl-Bәkri (1688–1749) vasitәsilә daxil olmuşdur. Misirdә ilk xәlvәti zaviyәsini Gülşәni tәsis etmişdir. Bәkrinin әn mәşhur xәlifәsi Mәhәmmәd ibn Salim Hifninin (1688–1768) sayәsindә X. Misirdә geniş vüsәt almış, onun xәlifәsi Əbdürrәhman Gәştuli X.-ni Hindistanda, sonra isә Əlcәzairdә yaymışdır. Efiopiya vә Sudanda Mәhәmmәd Əbdülkәrim Sәmmanın (ö. 1775) qurduğu sәmmaniyyә qolu yayılmışdır.
X.-nin Balkan y-a-na nә vaxt daxil olması dәqiq bilinmәsә dә, 15 әsrdә Bolqarıstanda (xüsusilә Sofiya әtrafında) X. ardıcıllarının olması mәlumdur. 16 әsrdә cәmaliyyә vә sünbüliyyә Balkan y-a-na yayılmışdı. Tirana (Albaniya) vә Prizrendәki (Serbiya) xәlvәti xanәgahları Balkan y-a-nda tәriqәtә aid әn qәdim xanәgahlardır. 17 әsrdә Ujitsedә (Serbiya) Şeyx Müslihiddin adlı şәxsin başçılıq etdiyi xәlvәti xanәgahı fәaliyyәt göstәrmişdir. Serbiya (Belqrad, Leskovats, Vranye vә s.) vә Bosniya-Hersoqovinanın müxtәlif ş.-lәrindә (Sarayevo, Vişeqrad, Biyelina, Rudo, Tuzla vә s.) xәlvәti tәkyәlәri mövcud olmuşdur. 1939 ildә tәkcә Makedoniya vә Kosovoda fәaliyyәtdә olan 25 xәlvәti tәkyәsi qeydә alınmışdı.
1925 ildә Türkiyәdә tәkyәlәr bağlandıqdan sonra X.-nin fәaliyyәtinә rәsmәn sonqoyulsa da, bir müddәt gizli vә ya aşkar şәkildә davam etmişdir. Hazırda Suriya, Misir, Balkan y-a vә Şimali Afrikada xәlvәti tәriqәtlәri qalmaqdadır.
X. tәriqәtinin ideya әsasını xәlvәtә çәkilmә (inziva) yolu ilә özünәnәzarәt tәşkil edir. Kütlәvi xәlvәtdәn daha çox fәrdi xәlvәtә üstünlük verilir. Minimum 3, maksimum 40 gün (bax Çillә, Ərbәin) müddәtindә fәrdi xәlvәti bitirmiş şәxs nәfsi üzәrindә nәzarәtә qabil olduğunu sübut etmiş sayılır. Mәnbәlәrә görә, Seyid Yәhya Bakuvi özü bu mәnәvi tәcrübәni qırx dәfә keçmişdi. X.-dә müridlәrin fәrdi vә ya kütlәvi şәkildә gündәlik oxuduqları vә hәftәnin gününә görә dәyişәn zikrlәri, duaları vә virdlәri (zikrin bir forması) var. Bir qayda olaraq, Bakuvinin “Virdüs-sәttar”ı oxunur. X.-nin bir çox qolu İbn Ərәbinin “vәhdәtivücud” doktrinasından tәsirlәnmiş, bu tәsir әhmәdiyyә qolunun misriyyә şöbәsinin banisi Niyazi Misridә әn yüksәk zirvәsinә çatmışdır.










