XƏRƏQANİ ( الخرقانی), Ə b ü l - H ә s ә n Ə l i i b n Ə h m ә d (Cә f ә r) ә l - X ә r ә q a n i (tәqr. 963, Bistam, Xәrәqan k. – 5.12.1033, orada) – sufi mütәfәkkir. Hәyatı haqqında mәlumat azdır. Bәyazid Bistaminin mәnәvi müridi (sufi terminologiyasında üveysi) olmuşdur. Bәzi mәnbәlәrdә Əbül-Abbas әl-Qәssabın müridi olması, müasiri Əbu Sәid Əbülxeyrlә görüşmәsi vә ondan fәrqli olaraq, tәsәvvüfün zahiri ünsürlәrinә (sәma – sufi musiqisi, xirqә geyinmәk vә s.) әhәmiyyәt vermәmәsi göstәrilir. Fәridәddin Əttar “Tәzkirәtül-övliya” (“Övliyalar tәzkirәsi”) әsәrindә X.-dәn geniş bәhs etmiş, İbn Sinanın Xәrәqanda onu ziyarәt etmәsi barәdә mәlumat vermişdir. Ənsaridә X. ilә görüşmüş, ondan tәsirlәnmişdir. X.-nin vәz vә nәsihәtlәrini, kәlam vә münacatlarını ehtiva edәn “Nurül-ülum” (“Elmlәrin nuru”) әsәrinin yeganә әlyazma nüsxәsi Britaniya muzeyindә saxlanılır. Nәqşi bәndiyyә silsilәsindә mühüm yer tutan X. Eynülqüzat, Nәcmәddin Dayә, Əttar, Rumi kimi mütәsәvviflәri dәrindәn tәsirlәndirmişdir. Bir çox mәnbәlәrdә X.-nin mәzarının Xәrәqanda olması göstәrilsә dә, Övliya Çәlәbi “Sәyahәtnamә”sindә X.-nin Qarsın fәthindә iştirakını vә orada şәhid olduğunu qeyd etmişdir. Qarsda X.-nin adını daşıyan dәrnәk qurulmuş, “Nurül-ülum”un tәrcümәsi nәşr olunmuşdur.










