XƏSTƏXANA – tibb müәssisәsi. X.-da xәstәlәrin, әsasәn, stasionar müalicәsi hәyata keçirilir, poliklinika ilә birlәşmiş olduqda, onlara hәmçinin ambulator-poliklinik yardım göstәrilir. Uşaqlara stasionar yardım uşaq X.-larında, yaxud mәrkәzi rayon X.-larının uşaq şöbәlәrindә, hamilә qadınlara tibbi yardım doğum evlәrindә vә şöbәlәrindә göstәrilir. Göstәrdiyi xidmәtin hәcminә vә müxtәlifliyinә görә çoxprofilli vә ixtisaslaşdırılmış X. ayırd edilir. Əgәr X.-nın çarpayı fondunun bir hissәsi ali tibb mәktәblәri vә yaxud elmi tәdqiqat institutları tәrәfindәn tәdris, yaxud elmi mәqsәdlәr üçün istifadә edilirsә, o zaman X. klinik adlandırılır.
X.-nın әsas struktur bölmәlәri: qәbul şöbәsi (izolyatorla); intensiv terapiya vә reanimasiya şöbәsi; xәstәlәrin qalması üçün şöbә; diaqnostika bölmәlәri (rentgen, funksional diaqnostika, endoskopiya vә s.); patoloji-anatomiya şöbәsi; laboratoriyalar (klinik, biokimyәvi, seroloji vә s.); müalicә bölmәlәri (cәrrahi әmәliyyat bloku, fizioterapiya, şüaterapiyası, hiperbarik oksigenasiya, hemodializ vә hemosorbsiya bölmәlәri vә s.); aptek vә s. Bu vә ya digәr şöbәnin olması X.-nın funksiyalarından vә çarpayı sayından asılıdır.
Tәrkibindә müәyyәn qrup xәstәliklәrin (ürәk-damar, ağ ciyәr, sinir vә s.) müalicәsi üçün ixtisaslaşdırılmış şöbәlәri olan çoxprofilli X.-ya şәhәr, respublika, mәrkәzi rayon X.- sı aiddir. İxtisaslaşdırılmış X.-ya infeksion, psixiatriya, narkoloji, oftalmoloji, travmatoloji, vәrәm tәcili tibbi yardım vә s., hәmçinin ixtisaslaşdırılmış dispanserlәrin (dәri-zöhrәvi, ağ ciyәr xәstәliklәri, psixonevroloji, kardioloji, narkoloji, endokrinoloji) stasionarları daxildir.
Hәr hansı tipli X., adәtәn yuxarı sәhiyyә orqanı tәrәfindәn tәyin olunan vә müavinlәri olan (tibbi hissә, poliklinika işlәri, әmәk qabiliyyәtinin ekspertizası vә s. üzrә) baş hәkim tәrәfindәn idarә olunur. X.-nın әsas struktur vahidi olan şöbәlәrә baş hәkimin әmri ilә tәyin vә azad olunan şöbә müdirlәri rәhbәrlik edir. Şöbә müdiri, bilavasitә ordinatorların vә böyük tibb bacısı vasitәsilә orta tibb personalının işinә rәhbәrlik edir. Şöbәlәr öz işlәrindә X.-nın bütün müalicә vә diaqnostika xidmәtlәrindәn istifadә edir. Bax, hәmçinin Ambulatoriya, Hospital, Sәhiyyә, Klinika, Poliklinika, Doğum evi mәqalәlәrinә vә habelә “Azәrbaycan” cildindә Sәhiyyә bölmәsinә.










