XƏSTƏLİK – insan orqanizminin xarici (ekzogen) vә ya daxili (endogen) zәdәlәyici (xәstәlik törәdәn, patogen) amillәrin tәsirindәn vә/vә ya irsi, yaxud anadangәlmә genetik defekt nәticәsindә baş verәn vәziyyәti; orqanizmin normal hәyat fәaliyyәtinin pozulması, onda patogen vә uyğunlaşma (adaptiv) dәyişikliklәrinin qarşılıqlı әlaqә kompleksinin formalaşması, habelә fәrdin biol. vә sosial imkanlarının çox vә ya az dәrәcәdә mәhdudlaşması ilә sәciyyәlәnir.
“X” anlayışı iki mәnada işlәdilir: nisbәtәn dar mәnada – onun üçün sәciyyәvi başvermә sәbәblәri, şәraiti, inkişaf mexanizmi vә әlamәtlәri ilә olan konkret xәstәliyi (mәs., pnevmoniya, qastrit, hipertoniya xәstәliyi) göstәrmәk üçün vә daha geniş mәnada sağlamlıq vәziyyәtindәn keyfiyyәtcә fәrqlәnәn, orqanizmin hәyat fәaliyyәtinin pozulması vәziyyәtini göstәrmәk üçün – Hazırda ümumәn qәbuledilmiş “X” anlayışının geniş mәnada tәyini yoxdur.
X.-in başvermә sәbәblәri, inkişaf mexanizmi vә nәticәsi olduqca dәyişkәndir. X.-in dinamikasına tәsir edir: sәbәbiyyәt amilinin xarakteri vә intensivliyi; onun orqanizmә tәsir şәraiti; orqanizmin funksional vәziyyәti vә s. Ona görә dә xәstә orqanizmdә müxtәlif zaman fasilәlәrindә onun hәyat fәaliyyәti parametrlәrindә müxtәlif dәyişikliklәr qeyd edilir vә müxtәlif pasiyentlәrdә olan eyni X.-in dinamikası müxtәlif olur.
X.-in baş vermәsindәn qabaq bir qayda olaraq, premorbid vәziyyәt, yaxud xәstәlik qabağı (“nә xәstәlik, nә sağlamlıq”) vәziyyәt gәlir vә o, orqanizmin uyğunlaşma vә ya sanogen (sağalma prosesini tәmin edәn) mexanizmlәrinin gәrginlәşmәsi ilә sәciyyәlәnir. Belә vәziyyәt fonunda hәtta orqanizmin sağlamlığı üçün parogen olmayan amilin tәsiri X. törәdә bilәr. Bu, çox vaxt әvvәllәr keçirilmiş xәstәlikdәn sonra, xroniki vә ya tәkrar stres zamanı, ekstremal amillәrin tәsirindә müşahidә olunur. Xәstәlik qabağı vәziyyәtin spesifik әlamәtlәri olmur vә yüklәmә sınaqları ilә aşkar oluna bilәr.
Xәstәliyin sәbәblәri müxtәlif fiziki, kimyәvi, biol. vә ya psixogen amillәrin tәsiri ola bilәr. Xüsusi halda X.-in sәbәbi mexaniki (toxuma vә orqanların zәrbәlәri, gәrilmәsi, cırılması, әzilmәsi, hәddindәn artıq cazibә vә s.), temp-r (orqanizmin hәddindәn artıq qızması vә ya hәddindәn artıq soyuması, toxumaların donması vә ya yanması), radioaktiv, elektromaqnit vә s. amillәrin tәsiri olur.
X. sәbәbinә görә ekzogen, yәni orqanizmә münasibәtinә görә xarici (mәs., mexaniki travmalar, infeksiyalar, elektrik cәrәyanının tәsiri), endogen vә yaxud daxili (mәs., hormonların, fermentlәrin çatışmazlığı vә yaxud artıq olması, xromosom vә ya gen mutasiyası), habelә infeksion vә qeyri-infeksion mәnşәli olur (bax hәmçinin Etiologiya). Lakin X.-in sәbәb amilinin olması hәmişә onun baş vermәsinә gәtirib çıxarmır. X.-in baş vermәsi ehtimalı, inkişaf xüsusiyyәtlәri vә nәticәsi bir tәrәfdәn sәbәb amilinin xassәsi, digәr tәrәfdәn isә orqanizmin reaktivliyi, habelә orqanizm ilә xәstәliyin sәbәbinin qarşılıqlı tәsirinin baş verdiyi şәraitlә şәrtlәnir.
Xәstәliyin mәrhәlәlәri. Adәtәn onun inkişafında bir neçә mәrhәlә fәrqlәndirilir: gizli vә ya latent (infeksion X.-dә inkubasiya dövrü), prodromal (xәstәliyin xәbәr darlığı), әlamәtlәrin aydın bilinmәsi vә X.-in sonu. Latent mәrhәlә orqanizmin uyğunlaşma mexanizmi effektliyindә artma azalması ilә sәciyyәlәnir. Hәrcәnd ki, bu zaman X.-in simptomları olmur, yüklәmә sınaqlarının istifadә olunması, orqanizmin müdafiә-uyğunlaşma mexanizmlәr çatışmazlığı әlamәtlәrini aşkar etmәyә imkan verir. X.-in xәbәrdarlıq mәrhәlәsi onun ilk әlamәtlәrindәn X.-in qeyri-spesifik subyektiv vә obyektiv әlamәtlәri (әzginlik, tez yorulma, qıcıqlanma, әzәlәlәrdә vә oynaqlarda ağrılar, iştahanın azalması, başağrısı vә s.) fonunda tipik klinik mәnzәrәnin inkişafına qәdәrki dövrü әhatә edir. X.-in әlamәtlәrinin aydın bilinmәsi (qızğın) mәrhәlәsi konkret X. üçün tipik yerli vә ümumi simptomlarla meydana çıxır. X.-in son mәrhәlәsi bir neçә şәkildә nәticәlәnә bilәr: sağalma ilә (tam vә ya natamam); onun tәkrar inkişaf etmәsi ilә (residivlә); xәstәnin vәziyyәtinin müvәqqәti yaxşılaşması ilә (remissiya ilә); әsas X. fonunda onun üçün qeyri- sәciyyәvi olan patoloji prosesin, vәziyyәtin vә ya reaksiyanın inkişaf etmәsi ilә (ağırlaşma); xroniki formaya keç mәklә; ölümlә. Tam sağalma, lakin orqanizmin X.-ә qәdәrki vәziyyәtinin bәrpası demәk deyil. X.-dәn sağaldıqdan sonra orqanizm hәyat fәaliyyәtinin keyfiyyәtcә (çox vaxt hәm dә kәmiyyәtcә) başqa göstәricilәri ilә xarakterizә olunur; onda yeni funksional sistemlәr formalaşır, immun bioloji nәzarәt sisteminin aktivliyi, metabolizm dәyişir, digәr adaptiv dәyişikliklәr inkişaf edir. Əgәr orqanizmdә X.-in qalıq әlamәtlәri, ayrı-ayrı struktur vә funksional kәnaraçıxmalar qalırsa sağalma natamamdır. Sağalma tәdricәn, yavaş-yavaş (lizis) vә yaxud intensiv (xәstәliyin krizisi) keçә bilәr.
Xәstәliklәrin sistemlәşdirilmәsi. X.-in nomenklaturasının vә tәsnifatının yaradılmasına qәdimdәn cәhdlәr olmuşdur. X.-in nomenklaturası öz-özlüyündә ayrı-ayrı xәstәliklәrin ümumi qәbul edilmiş adlarının siyahısını (kataloqunu) vә tәsvirini tәmsil edir. Nomenklaturanın hazırlanmasında X.-in düzgün adının, onun sәbәblәrinin, әsas inkişaf mexanizminin, әlamәtlәrinin әks olunmasını nәzәrә almaq lazımdır. X.-in tәsnifatı onların müәyyәn kriterilәr әsasında siniflәr üzrә bölünmә sistemidir. Qüvvәdә olan Xәstәliklәrin Beynәlxalq Tәsnifatının (XBT) onuncu baxılmasında aşağıdakı kriterilәr istifadә edilmişdir: sәbәb (irsi, infeksion vә s. X.); X.-in patogenezinin әsas hәlqәsi (distrofiya, arterial hipertenziya, immun patoloji vәziyyәt vә s.); әsas lokalizasiya (qan sistemi, tәnәffüs orqanları, ürәk, göz, qara ciyәr X.-i vә s.); pasiyentin yaşı (yenidoğulmuş, uşaq, ahıl vә qoca yaşın X.-i); әsas müalicә prinsipi (cәrrahi, terapevtik X.) Göstәrilәnlәrlә bәrabәr X.-in tәsnifatına dair digәr kriterilәr vә yanaşmalar da istifadә edilir vә bu, onları heç dә hәmişә münasib vә birmәnalı etmir (mәs., qadın X.-nin, orqanik vә yaxud funksional X.-inә vә s. ayrılması). Lakin, xәstәliklәrin tәsnifatında onların bölmәlәşdirilmәsi üçün vahid kriteri (yaxud mәhdud sayda kriterilәr) yoxdur halbuki, olsaydı istifadә edәn hәkimin, digәr kateqoriyalı tibb işçisinin, habelә başqa ixtisasdan olan işçilәrin istifadәsi üçün әlverişli olardı.










