XƏTİB (әr. خطي ب – vaiz, natiq)– xütbә oxuyan şәxs. Mәhәmmәd peyğәmbәrin hәyatına dair qәdim mәnbәlәrdә onun Mәkkәnin fәthindәn (630) sonra X. kimi çıxış etmәsi göstәrilir. İlk xәlifәlәr, onların sәrkәrdәlәri vә canişinlәri dә müsәlmanlara xitabәn rәsmi nitqlә çıxış etmişlәr. Vaizlik elementlәri ilә yanaşı, bu nitqlәrdә hökumәt sәrәncamları әksini tapırdı. 8 әsrin ikinci yarısından Abbasi xәlifәlәri xütbә oxumağı qazılara tapşırırdılar. Mәsciddә cümә xütbәsini oxuyan hәr bir X. xәlifәni tәmsil edirdi. Böyük bayramlarda Misirdә bәzi Fatimi xәlifәlәrin özlәri vәzlәrlә çıxış edirdilәr. Bununla yanaşı, cümә ibadәtinin müntәzәm yerinә yetirildiyi böyük mәscidlәrә xüsusi X. tәyin olunurdu. Gündәlik ibadәtlәrә adәtәn digәr din xadimlәri rәhbәrlik edirdi. Dünyәvi hakimiyyәtin qurulması ilә X.-lәrin rolu tәdricәn azalmışdır.










