XƏZƏR DİLİ – xәzәrlәrin ölü dili. X.d. haqqında Bizans, әrәb, Avropa vә digәr tarixi mәnbәlәrdә saxlanılan mәlumatlar, hәmçinin etnonimika, toponimika, onomastika dәlillәri onun türk dillәri ilә qohumluğunu vә bulqar dili ilә yaxınlığını tәsdiqlәyir.
Orta әsr tarixçilәri vә filoloqları X.d.-nin bulqarların (әrәb alimi әl-İstәxri) vә peçeneqlәrin (Mahmud Kaşğari) dillәri ilә yaxınlığını qeyd etmişlәr. V.V.Qriqoryev, A.A.Kunik, A.Vamberi, V.V.Bartold (dilçilik әsaslarına istinad etmәklә, X.d.-nin çuvaş dili ilә genetik әlaqәlәrini göstәrmişdir) X.d.-ni türk dillәrinә aid etmişlәr. N.A.Baskakov “İtil”, “Sarkel”, “Sәmәndәr”, “Bәlәncәr”, “Bәy-Tarluv” toponimlәrini X.d.-ndә saxlanılmış әn qәdim sözlәr hesab edir. Dilçilәr X.d.-nin tәsirinin izlәrini müasir türk dillәrindә dә [Krım-tatar dilinin karaim etnolektindә (K.M.Musayev), qumuq dilindә (İ.Kәrimov), Azәrb. dilinin şm. dialektlәrindә (N.Z.Hacıyeva)] aşkara çıxarmışlar.
X.d.-nin türk dillәrinә aidliyi hәlә dә mübahisәlidir. Müqayisәli-tarixi metod vә areal dilçiliyin üsulları әsasında X.d.-ndәk feillәrin zaman sistemini bәrpa etmәk cәhdlәri (N.Z.Hacıyeva, B.A.Serebrennikov) mәlumdur; belә cәhdlәr X.d.-nә yaxın olan çuvaş dilinin feil sisteminin quruluşuna vә Azәrb. dilinin şivә vә dialektlәrindә X.d.-nin izlәrinә әsaslanır. Belә ki, -at sonluğu ilә düzәlәn indiki zaman forması çuvaş dili ilә Azәrb. dilinin dialektlәrindә ortaqdır. F.A.Cәlilov qubalıların dialektindәki bir sıra daralmaları da (yurğan, turpağ, quca, uba, quşun, utuz, ilçi vә s.) X.d.-nin qalığı hesab edir. Bu halda mühüm olan formantların oxşarlığı yox, sistemlәrin yaxınlığıdır.
Əd.: Б а с к а к о в Н.А. Введение в изучение тюркских языков. М., 1969; C ә l i l o v F.A. Azәrbaycan dilinin morfonologiyası. B., 1988; Г а д ж и е в а Н.З. Хазарский язык // Языки мира. Тюркские языки. М., 1997.










