XƏZƏRYANI KALİUMLU HÖVZƏ – RF-nin Hәştәrxan, Volqoqrad, Saratov, Orenburq vә Qazax.-ın Aktobe, Atırau vil.- lәri әrazisindәdir; Xәzәryanı ovalıqda vә Uralyanı düzәnlikdә yerlәşir. Uz. 1000 km-dәn çox, eni 550 km, sah. tәqr. 600 min km2. Hövzә әrazisindә kalium ilk dәfә 1837 ildә şor sulu İnder gölündә, kalium duzları isә 1911 ildә buruq qazıması zamanı aşkar edilmişdir. 11 yataq kәşf olunmuşdur ki, bunlardan yalnız 4-ünün ehtiyatı hesablanmışdır: Volqoqrad vil.-ndә Qremyaçinsk (405,7 mln. t; K2O-nun filizdәki orta miqdarı 24,97%) vә Elton (433,4 mln. t; K2O – 30,3%) yataqları, Aktobe vil.-ndә Jilyansk yatağı (94 mln. t), Qәrbi Qazaxıstan. vil.-ndә Çelkarsk yatağı (2,5 mlrd. t; K2O – 20,1%). Tektonik planda hövzә Xәzәryanı sineklizi hüdudlarında vә Uralönü kәnar çökәyinin c. hissәsindә yerlәşir. Yataqlar xloridli vә sulfatlı-xloridli geol.-sәnaye tiplәrinә aiddir. Kalium duzu layları Perm sisteminin Kunqur mәrtәbәsi ilә әlaqәdardır. Hövzәnin q. vә şm.-q. hissәlәrindә kalium duzlarından başqa iri bişofit yataqları da var; bişofitli layların qalınlığı 30–35 m-ә, Svetloyarsk yatağında 110 m-ә çatır.










