XIZIR, X ı d ı r (әr. الخضرّ )– türk vә Yaxın Şәrq xalqlarının inanc sistemindә vә folklorunda mifoloji obraz. Quranda adı çәkilmәsә dә, tәfsirçilәrә görә, “Kәhf” surәsindә (18:60–82) Musa peyğәmbәrlә görüşü tәsvir edilәn müdrik insan X.-dır. X.-ın kimliyi haqqında müxtәlif fikirlәr var. Bir çox rәvayәtdә X. bütün dünyanı gәzәrәk çәtin anlarda insanlara kömәk edәn, “dirilik suyu”nu (“abi-hәyat”) tapıb içdiyi üçün ölümsüzlük verilәn, fövqәladә gücә malik peyğәmbәr, ya da müdriklik vә hikmәt sahibi kimi sәciyyәlәndirilir. Şumer-Akkad dastanı Bilqamıs (Bilqamısın әbәdiyyәt otunu tapmaq üçün iki çayın qovşağına getmәsi), İsgәndәrin aşpazının hәyat suyunu tapması barәdә әfsanә vә Yeşua ben Levi ilә İlya (İlyas) haqqında yәhudi әfsanәsinin süjetindә X. hekayәsi ilә uyğunluqlar var. Müsәlman әnәnәsindә adәtәn İlyas peyğәmbәrlә eynilәşdirilir, bir çox peyğәmbәrin müәllimi vә mәslәhәtçisi hesab edilir. Yaşıllığın hamisi sayılan X.-ın adı (әr. “xzr” – “yaşıllaşma” feil kökündәndir) tәbiәtin oyanması, gәnclik vә әbәdi hәyat rәmzi olması ilә әlaqәdardır (yunan mifologiyasında ölümsüzlük qazanmış Qlavkın adı qәdim yun. glaukos – yaşıl sözündәndir). Türk xalqlarında X. hәm dә yazın, od vә istiliyin hamisidir, onun adı türk dillәrindәki “xız/kız” (od, istilik) + “әr” (insan, kişi) sözlәri ilә dә әlaqәlәndirilir. Xızırnәbi bayramı (Anadoluda “Xızırәllәz”) X.-ın adı ilә bağlıdır.
X. kultu 9 әsrdәn etibarәn tәsәvvüfdә mühüm yer tutmuş, ali mürşid mәqamı ona aid edilmişdir; sufi әnәnәsindә xirqә verilmәsi, zikr qaydaları vә tәriqәt әsaslarının X.-dan gәldiyinә dair görüşlәr var. Bәktaşilikdә on iki mәqamdan birinin sahibi olmuşdur. Sufilәr üçün X.-Musa münasibәti mürşid-mürid münasibәtinin simvolu idi.
Türk xalqlarının mistik düşüncә sistemindә xüsusi yeri olan X. obrazı “Manas”, “Alpamış”, “Kitabi-Dәdә Qorqud”, “Koroğlu” kimi eposlarda özünәmәxsus funksiyalarla çıxış edir. Azәrb.-ın xalq inanc vә adәtlәrindә, xüsusilә folklorunda (mövsüm vә mәrasim nәğmәlәri, dastan, nağıl vә әfsanәlәrdә) daim “boz atlı vә yaşıl geyimli xilaskar” kimi görünәn X. obrazı klassik yazılı әdәbiyyatda geniş şәkildә işlәnmişdir. Nizami Gәncәvi “İsgәndәrnamә” әsәrindә X.-ın dirilik bulağını tapması haqqında әfsanәni xatırlamış, İmadәddin Nәsimi, Füzuli, Şah İsmayıl Xәtai vә başqa şairlәr ona aşiqlәrin hamisi kimi müraciәt etmişlәr.
Dünyanın bir çox yerindә (Türküstan, Əfqanıstan, Hindistan, İran, Suriya, Anadolu vә s.), o cümlәdәn Azәrb.-da X.-ın adı ilә bağlı toponimlәr (Ağdam, Qubadlı vә Salyan r-nlarında Xıdırlı k.-lәri) vә ziyarәtgahlar (Xızırzindә ziyarәtgahı) var. Bir sıra orta әsr müәlliflәrinә (Yaqut Hәmәvi, İbn Xordadbeh, Əbdürrәşid Bakuvi vә b.) görә, X.-ın tapdığı dirilik suyu Azәrb.-ın Şirvan zonasında olmuş, X. Musa ilә mәhz burada görüşmüşdür.










