XİLAFƏT (әr.
) – Mәhәmmәd peyğәmbәrdәn sonra müsәlman dünyasında ali dini-siyasi hakimiyyәt; islam dövlәti. “Xәlәf” sözünün kökündәn olan X. hәrfәn peyğәmbәrdәn sonra onun canişinliyini ifadә edir. X. institutunun yaranma tarixi peyğәmbәrin vәfatından dәrhal sonra әnsarın onun yerinә canişin tәyin etmәk mәqsәdilә Sәqifәdә keçirdiyi toplantıya gedib çıxır. Orada Əbu Bәkrin xәlifә seçilmәsi ilә X.-in әsası qoyulmuşdur. Klassik әrәb-müsәlman anlamında X.-in tarixi üç böyük dövrә ayrılır: Əbu Bәkr, Ömәr ibn Xәttab, Osman ibn Əffan vә Əli ibn Əbu Taliblә tәmsil olunan raşid (hәrfәn: doğru yolda olan) xәlifәlәr dövrü [632–661], Əmәvilәr xilafәti [661–750] vә Abbasilәr xilafәti [750–1258]. X. adı altında idarә olunan digәr dövlәtlәr dә var idi: Əndәlis (yaxud Kordova) X.-i [929–1031], Fatimilәr xilafәti [909–1171], Misir Abbasilәr X.-i [1259–1517], Osmanlı X.-i [1517–1924].
X. peyğәmbәrin vәfatından sonra, peyğәmbәrlik istisna olmaqla, onun bütün fәaliyyәtini davam etdirәn vә islam ümmәtinin hәm dini, hәm dә ictimai-siyasi hәyatını nizamlayan bir institut kimi nәzәrdә tutulsa da, elә ilk dövrdәn etibarәn mübahisә obyektinә çevrildi. Dar çәrçivәdә tәlәsik seçimlә tәsis edilәn X. Əbu Bәkrdәn sonra onun tәyinatı ilә davam etdi. Əmәvilәrdәn olan Osmanın dövründә sülalә hakimiyyәtinin bünövrәsi qoyuldu. I Müaviyә hakimiyyәti әlә keçirdikdәn sonra isә X. peyğәmbәr canişinliyi qismindә islami çalarını tamamilә itirәrәk әnәnәvi әrәb imperiyasına çevrildi. Haşimilәrdәn (Bәnu Haşim) olan Abbasi xәlifәlәri hakimiyyәtlәrinin qanuniliyini әsaslandırmaq üçün zahirәn X.-in dini çalarını bәrpa etsәlәr dә, mahiyyәt etibarilә Əmәvilәrdәn fәrqlәnmә dilәr. Hәm dini, hәm dә dünyәvi hakimiyyәtdәn mәhrum olan Misir Abbasi X.-i isә tam formal sәciyyә daşıyırdı.
Osmanlı hökmdarları üçün sultan titulu ilә yanaşı xәlifә titulunu daşımaq siyasi hakimiyyәtlә bәrabәr dini hakimiyyәtin dә qanunuliyini әsaslandırmaq baxımından mühüm idi. Xüsusәn II Əbdülhәmid [1876–1909] dövründә dövlәtin dayaqlarını möhkәmlәndirmәk vә xarici müdaxilәyә müqavimәt mәqsәdilә Cövdәt paşa Osmanlı X.-inin islami cәhәtdәn qanuniliyi vә aliliyinә dair müfәssәl nәzәriyyә formullaşdırdı. V Mehmedin [1909–18] dövründә hakimiyyәt “İttihad vә tәrәqqi” partiyasının әlindә idi. Azadlıq müharibәsinin (1919–22) qәlәbәsindәn sonra TBMM 1922 il noyabrın 1-dә sultanlığı lәğv etdi. VI Mehmed [1918–22] ingilislәrә sığındıqdan sonra TBMM II Əbdülmәcidi formal xәlifә seçdi. 1924 il martın 3-dә X. TBMM tәrәfindәn tamamilә lәğv edildi.
Canişinlik anlamında X. mәsәlәsi islam tarixindә (xüsusәn şiәlәr tәrәfindәn) hәssaslıqla qarşılanmış, peyğәmbәrlik kimi onun canişin liyinindә ilahi tәyinata әsaslanması ideyasına görә şiәyönümlü mәzhәblәr dә imamәt doktrinası ilә sıx bağlı olmuşdur. X.-ә qüreyşilәrin layiq olması fikri әksәr müsәlmanlar tәrәfindәn qәbul edilsә dә, әhli-sünnә alimlәri, bir qayda olaraq, mövcud hakimiyyәtin legitimliyini tanımağın tәrәfdarı olmuşlar. Əlәvilәr isә Əmәvilәrdәn başlayaraq әsrlәr boyu islam hakimiyyәti adı altında sülalә hökmranlığı vә istibdada qarşı mübarizә aparmış (ilk nümunәsi Hüseyn ibn Əlinin mübarizәsi), bәzәn öz hakimiyyәtlәrini qurmağa nail olmuşlar (bax ismaililik, zeydiyyә). Xaricilәr xәlifәnin qüreyşli olması ideyasını dәstәklәmir, müsәlman dünyasının müxtәlif yerlәrindә bir neçә hökmdarın eyni zamanda mövcudluğunu mümkün hesab edirdilәr.
19–20 әsrlәrdә C.Əfqani, Rәşid Rza, Əbül kәlam Azad (Hindistan), Əhmәd Sәnhuri (Misir), Əbül-Əla Mövdudi (Pakistan),“İxvani-müslimun” tәşkilatının banisi Hәsәn Bәnna vә b. alimlәr X. institutunun tәrәfdarı kimi çıxış etmiş, әhәmiyyәtini önә çәkәrәk onu islam birliyinin simvolu kimi dәyәrlәndirmişlәr.










