XİRXİRÁ, X i r x i r a ş ә h ә r y e r i – Rusiyanın Baykalarxası diyarının Arqunyanı r-nunda Urulyunquy çayına (Arqun çayının qolu) tökülәn Xirxira çayının aşağı axarında 13–14 әsrlәrә aid şәhәrin qalıqları. 1724 ildәn D.Q.Messerşmidt vә b. tәrәfindәn tәdqiq olunmuş, 1957–59 illәrdә S.V.Kiselyov, 1997–2005 illәrdә A.R.Artemyev, 2013 ildәn N.N.Kradin tәrәfindәn arxeoloji qazıntılar aparılmışdır. X. yaxınlığında qәdim monqol dilindә Çingiz xanın vә qardaşı oğlu Yesunkenin (Y e s u n q u) adının qeyd olunduğu 1224–25 illәrә aid qranit stela (“Çingiz daşı”) aşkarlanmışdır. Bu sәbәbdәn X. Monqol imperiyası tәrkibindә Yesunke vә onun xәlәflәrinә mәxsus mülklәrin mәrkәzi hesab edilir. Sah. tәqr. 2×0,7 km olan әrazidә tәqr. 100 ev (o cümlәdәn kanlar ilә) vә onlarla malikanәnin izlәrinә rast gәlinmişdir. X.-nın ş. hissәsindә mәhәllәlәr, küçәlәr, döngәlәr sistemi, c.-ş.-indә darvazası ş.-ә baxan, xәndәklәr vә bәndlәrlә әhatәlәnmiş “qәrargah” (110×100 m), “qәrargah”ın içәrisindә kirәmit damı, taxta divarları, gil döşәmәsi vә kanları olan panduslu süni platforma üzәrindә saray (15×30 m) yerlәşir. Tapıntılar arasında tikinti materialları, silahlar, alәtlәr, bәzәk әşyaları var. X.-dan şm.-da eyni dövrә aid Okoşki mәzarlığı yerlәşir.










