XİROSİMA – Yaponiyada şәhәr. Xirosima prefekturasının inz. m. Əh. 1,2 mln. (2016). Honsü a.-nın c.-q.-indә, Ota çayı deltasında, Daxili Yapon dәnizinin Xirosima körfәzi sahilindә yerlәşir. Avtomobil yolları X.-nı Okayama, Kobe, Osaka vә digәr şәhәrlәrlә birlәşdirir. D.y. qovşağı. Dәniz portu. Aeroport.
1589 ildә Mori hakiminin qәsri kimi salınmışdır. 1868 ildәn hәrbi mәrkәz kimi inkişaf etmiş, 1889 ildәn şәhәr statusunu almışdır. Yaponiya-Çin müharibәsi (1894–95) dövründә qәsr Yaponiya imperatorunun baş mәnzil-qәrargahı idi. 1945 il avqustun 6-da ABŞ ilk atom bombasını X.-ya atmışdır. Hәlak olanların vә sonradan şüa xәstәliyindәn ölәnlәrin sayı tәqr. 90– 160 min nәfәrdir; şәhәr tikililәrinin 92%-i mәhv edilmişdi.

Xirosima şәhәrindәn görünüş.
X.-nın yenidәn bәrpasının vә hәlak olanların xatirәsinin Sülh memorial parkında әbәdilәşdirilmәsi planının (1949–55) işlәnib hazırlanmasında heykәltәraş İ.Noquçi, memarlar Murano Toqo (Sülh memorial kilsәsi, 1953) vә Tange Kendzo (Sülh mәrkәzi vә Sülh memorial muzeyi, 1955) iştirak etmişlәr; parkda hәmçinin Sülh memorialı (“Gembaku günbәzi”; atom bombası ilә dağıdılmış sәrgi zalının xarabalıqları; Ümumdünya irsi siyahısına daxil edilmişdir) yerlәşir. Qokoku-dzindzya (1868) mәbәdgahı ilә birgә qәsr (1589– 1590-cı illәr; hazırda Xirosima Tarixi muzeyidir), “Nippon” bankının keçmiş binası (1936, memar Naqano Uhedzi), “Fukuya” inzibati binası (1938, memar Vatanabe Dzin) şәhәrin yenidәn bәrpa olunmuş görmәli yerlәrindәndir. Motomati vә Tödzüen (1973, memar Otaka Masato) çoxmәrtәbәli mәhәllәlәri memarlıq metabolizmi, Müasir incәsәnәt muzeyinin (1989, memar Kuroka va Kisö) binası postmodernizm, yanğın stansiyası tikilisi (2000, memar Yamamoto Riken) hay-tek üslubu nümunәlәridir.
X. iri elm vә tәhsil mәrkәzidir. Elmi müәssisәlәr arasında: Xirosima prefekturasının texnologiya elmi tәdqiqat in-tu, Xirosima prefekturası un-ti (1929; nәzdindә çox saylı elmi tәdqiqat in-tları, o cümlәdәn radiasiya biologiyası vә tibb); qeyri-dövlәt ali mәktәblәri; prefektura tәsviri sәnәt (1968), tәsviri sәnәt (1978), şәhәr müasir incәsәnәt (1989) vә s. muzeylәri, bir neçә kitabxana (o cümlәdәn ixtisaslaşdırılmış “manqa” yapon komikslәri) fәaliyyәt göstәrir. Sükkeyen (әnәnәvi yapon bağı, 1620 ildәn), Hidziyama parkları, botanika bağı (1976) vә zoopark (1971; ölkәdә әn irilәrindәn biri) var. 1985 ildәn beynәlxalq animasiya festivalı keçirilir (iki ildәn bir).
İdman qurğularından çoxfunksiyalı EDION (tәqr. 37 min yer; 1994 ildә yay Asiya oyunlarının keçirildiyi yer) vә “MAZDA Zoom-Zoom” (tәqr. 32 min yer) beysbol stadionu fәaliyyәt göstәrir.
Xirosima şәhәri. “Gembaku günbәzi”.
X. Tüqoku iqtisadi rayonunun başlıca sәnaye mәrkәzidir. Şәhәr iqtisadiyyatında klasteri avtomobil istehsalı mühüm rol oynayır. X.-da “Mazda Motor Corporation” Yaponiya maşınqayırma şirkәtinin әsas istehsal müәssisә vә mәnzil-qәrargahı, avtomobil ehtiyat hissәlәri vә detalları (o cümlәdәn plastik kütlәdәn), elektronikası, avtomobil şüşәsi vә oturacaqları (әsas şirkәtlәr: “Hirotec Corporation”, “Nishika wa Rubber Co.”, “Ishizaki Honten Company”, “Delta Kogyo Co.”, “Daikyo Nishikawa Corporation”) istehsalı üzrә bir sıra z-dlar yerlәşir; ali mәktәblәr vә sәnaye müәssisәlәri әsasında avtomobilqayırma sferasında innovasiyalar sahәsindә tәdqiqat qrupu yaradılmışdır. X.-da hәmçinin “Mitsubishi Group” (sәnaye vә tibb avadanlıqları, daşıyıcı raketlәr) vә “Japan Steel Works”un (sәnaye avadanlıqları, hәrbi tәyinatlı mәhsullar) maşınqayırma z-dları var. Yaponiyanın iri “Molten Corporation” (top vә digәr idman mallarının dünyada iri istehsalçısı) şirkәtinin müәssisәlәri fәaliyyәt göstәrir. Tamlı mәhsullar vә yüngül sәnaye, xidmәt sferasında ticarәt, tәhsil, maliyyә biznesi vә s. inkişaf etmişdir.










