XİVƏ – Özb. Resp.-nın Xarәzm vil.-ndә şәhәr. Əh. 93,4 min (2021). Xarәzm vahәsinin q.-indә, Tür.-la sәrhәd yaxınlığındakı suvarma kanallarının kәnarındadır. Ən yaxın d.y. st. vә beynәlxalq aeroport qonşu Ürgәnc ş.-ndәdir.
İndiki şәhәrin yerindә yaşayış mәskәni tәqr. e.ә. 4 әsrdә meydana gәlmişdir. Qәdim Xeyvak kәhrizinin adı ilә adlanmışdır. Eramızın 4 әsrindәn Xarәzmin tәrkibindә idi. 712 ildә әrәblәr tәrәfindәn tutulmuşdu. 9 әsr – 10 әsrin birinci yarısından Xeyvak, Xivak vә digәr adlarla әrәb müәlliflәri әlİstәxri, İbn Havqәl, әl-Müqәddәsi tәrәfindәn Xarәzmin böyük şәhәrlәri arasında qeyd olunmuşdur. 1221 ildә monqollar, 1388 ildә Teymur tәrәfindәn işğal edilmişdi. 1511 ildәn Şeybanilәr sülalәsinin yan qolu olan Ərәbşahidlәrin hakimiyyәti altında idi. 16 әsrin sonlarından 1920 ilәdәk Xivә xanlığının paytaxtı olmuşdur. Regionun mühüm ticarәt mәrkәzi idi. 1740 ildә Nadir şah tәrәfindәn tutulanda dağıntılara mәruz qalmış, 1747 ildә Əfşarların hakimiyyәtindәn azad olmuşdur. 1873 ildә qısamüddәtli mühasirәdәn sonra rus qoşunları tәrәfindәn tutulmuş, Xivә xanlığı ilә birlikdә Rusiyanın himayәsinә keçmişdi. 1916 il fevralın 26-da üsyan qaldıraraq X.-ni tutan türkmәnlәr tezliklә rus qoşunları tәrәfindәn şәhәrdәn çıxarılmışdılar. 1920 il fevralın 2-dә sovet hakimiyyәti qurulmuşdur. Xarәzm Xalq Sovet Respublikasının (1923 ildәn Xarәzm SSR) paytaxtı (1920–24) olmuşdur. 1924 ildәn Özb. SSR-in, 1991 ildәn Özb. Resp.-nın tәrkibindәdir.

Xivә şәhәrindәn görünüş.
X. Xarәzm memarlığının (әsasәn, 19 әsr – 20 әsrin әvvәllәri) şәhәr-muzeydir. 18–20 әsrin әvvәllәrindәki tikililәrin üstünlük tәşkil etdiyi düzbucaqlı planlı İçәri qala (Şәhristan; 1968 ildәn memarlıq qoruğudur; Ümumdünya irsi siyahısına daxil edilmişdir) dörd darvazası olan divarlarla (19 әsrdә tamamlanmışdır; uz. 2,6 km, hünd. tәqr. 10 m) әhatәlәnmişdir. İçәri qalanın q. hissәsindә Xan sarayı (19 әsr), rәsmi qәbullar üçün bina (1804–06; kaşı ilә işlәnmiş eyvan 1825–42; tavanı naxışla bәzәdilmiş taxt-tac zalı), hәyәtindә yay vә qış mәscidlәri olan zәrbxana (1806–38) ilә birlikdә Kunya-әrk içqalası (1686–19 әsrin әvvәli) yerlәşir. Burada 19 әsrә aid tikililәr, Ağ mәscid (әsası 1657 ildә qoyulmuş, 1830–1840-cı illәrdә yenidәn qurulmuşdur), Cümә mәscidi (1788/89; 212 oyma naxışlı ağac sütun, onlardan 25-i 10–16 әsrlәrә aiddir; minarәnin hünd. 33 m, Seyid Əlaәddin mәqbәrәsi (1303), qala darvazaları, dini vә dünyәvi bina ansamblları, o cümlәdәn Taş-Xauli (1830–38) vә Nurulla bәy (1904–12) sarayları, Allahqulu xan kompleksi (mәdrәsә, 1834; bazar vә karvansara, 1830-cu illәr), Mәhәmmәd Əmin xan kompleksi (1851–52; mәdrәsә, Kelte Minar minarәsi), daxili hәyәti vә tağlı hücrәlәri olan 24 mәdrәsә (Mәhәmmәd Rәhim xan mәdrәsәsi, 1871 vә s.), mәqbәrәlәr (Pәhlәvan Mahmud mәqbәrәsi, 18 әsr), hamamlar, karvansaralar, bazarlar, әnәnәvi yaşayış evlәri vә s. saxlanılmışdır.
Bayır şәhәrin (rabad) divarları (tәqr. 1842; 10 darvazadan yalnız 2-si, o cümlәdәn 20 әsrin әvvәllәrinә aid Qoşa darvaza qalmışdır). Mәscidlәr, mәdrәsәlәr, mәqbәrәlәr, saraylar, xәstәxana, poçt, yaşayış mәhәllәlәri qorunmuşdur. Orta Asiya riyaziyyatçısı, ensiklopediyaçı alim Xarәzmi Əbu Abdulla Mәhәmmәd ibn Musaya (tәqr. 783 – tәqr. 850) abidә qoyulmuşdur (1983).
Bir neçә muzey, o cümlәdәn әl-Xarәzmi vә әl-Biruni ad. Xarәzmin tarixi, sәnәtkarlıq muzeylәri, Xarәzm vilayәt dövlәt kukla teatrı (әnәnәvi kukla tamaşaları) fәaliyyәt göstәrir.
Bәdii sәnәtkarlıq (keramika, zәrbetmә, ipәk vә mәxmәr parça üzәrindә tikmә, xalçaçılıq vә s.) mәrkәzidir. Şәhәr iqtisadiyyatının әsasını turizm biznesi vә ticarәt tәşkil edir.










