XLOR (lat. Chlorum) − Cl, kimyәvi element; dövri sistemin qısa formasının VII qrupundadır (uzun formasının 17-ci qrupundadır); halogenlәrә aiddir; at.n. 17, at.k. 35,453. Tәbiәtdә iki stabil nuklidi var: 35CI (75,78%) vә 37CI (24,22%); kütlә әdәdlәri 22−51 olan radionuklidlәr süni yolla alınmışdır, әn çox yaşayan 36CI (T½ 301 min il; β-parçalanma vә elektron zәbt etmәsi).
Tarixi arayış. Qaz halında X.-u ilk dәfә 1774 ildә K.Şeele xlorid turşusunu pirolüzit MnO2 ilә oksidlәşdirmәklә almışdır. H.Devi 1810 ildә xlorun element olduğunu müәyyәnlәşdirmiş vә onu 1811 ildә rәnginә uyğun olaraq ”X.“ (yun. χλωρός − sarımtıl-yaşıl) adlandırmışdır.
Tәbiәtdә yayılması. Yer qabığında X.-un kütlәcә miqdarı 0,017%, vulkan qazlarında − 1,3%-ә qәdәrdir. Kimyәvi fәal olduğundan sәrbәst şәkildә rast gәlinmir. Bir çox mineralların tәrkibindә olur. X.-un xüsusi mineralları, әsasәn, tәbii xloridlәrdir (bax Tәbii halogenidlәr): daş duz NaCI (halit), silvin KCI, karnallit KCI∙MgCI2∙6H2O, kainit KCI∙MgSO4∙3H2O, bişofit MgCI2∙6H2O. X.-un yer qabığında yayılmasında suyun miqrasiyası әsas rol oynayır. X. CI‒ionu şәklindә dәniz suyunda (18,83 q ∕dm3), yeraltı duzlu sularda, duzlu göllәrdә vә s. olur. CI‒ ionu bütün canlı orqanizmlәr üçün vacibdir (su mübadilәsinin tәnzimlәnmәsindә vә s. iştirak edir); insan toxumasının tәrkibindә kütlәcә 0,25%, (qanın plaz masında isә 0,32−0,37%) X. var, bitki toxumalarında X.-un miqdarı bitkinin növündәn asılıdır (mәs.,tütündә 2,3%, yer kökündә 1,5%, dәnli bitkilәrdә 0,05%).
Xassәlәri. X. atomunun xarici elektron tәbәqәsinin konfiqurasiyası 3s23p5; birlәşmәlәrdә − 1 (xloridlәr), +1 (hipoxloritlәr), +3 (xloritlәr), +5 (xloratlar) vә +7 (perxloratlar) oksidlәşmә dәrәcәsi göstәrir. Polinqә görә elektromәnfiliyi 3,16; atom radiusu 99 pm; CI‒ ion radiusu 184 pm-dir. Molekulu ikiatomludur, CI2-nin dissosiasiya enerjisi 239,24 kC ∕ mol-dur.
Normal şәraitdә X. sarımtıl-yaşıl, kәskin iyli, qıcıqlandırıcı yanmayan qazdır; tәr. −100,98°C, tqayn. −33,97°C; quru qazın sıxlığı 3,209 kq/m3(°C), maye X. 1558,9 kq∕m3 (−33,97°C). Qeyri-polyar mayelәrdә yaxşı hәll olur (mәs., TiCl4, SiCl4, SnCl4, heksan, CCl4), suda qismәn hәll olur (“xlorlu su” әmәlә gәlir). 9,6°C-dәn aşağı temp-rda sulu mәhlullarda dәyişәn tәrkibli Cl2∙nH2O (n = 6−8) hidratlar әmәlә gәtirir. Maye X. hәlledicidir (TiCl4, SiCl4 vә b.).
X. kimyәvi fәal elementlәrdәn biridir; demәk olar ki, bütün metallarla (bәzilәri ilә yalnız nәmin iştirakında vә ya qızdırıldıqda) qarşılıqlı tәsirdә olur vә hәmçinin qeyri-metallarla da (X.-un oksigenlә, azotla, tәsirsiz qazlarla reaksiyaları üçün xüsusi aktivlәşmә üsulları tәlәb edilir), uyğun xloridlәri әmәlә gәtirir. Doymuş karbohidrogenlәrdә hidrogeni әvәz edir vә olefinlәrlә birlәşirlәr. X. brom vә yodu onların hidrogen vә metallarla birlәşmәlәrindәn sıxışdırıb çıxarır (X.-u onun hidrogen vә metallarla birlәşmәsindәn flüor sıxışdırıb çıxarır). X.-un hidrogenlә qarışığı 2200°Cdә rәngsiz vә ya sarımtıl-yaşıl alovla yanaraq hidrogenxlorid әmәlә gәtirir (zәncirvari reaksiya). Tәrkibindә 5,8−88,5% H2 olan X. vә hidrogen qarışıqları partlayış tәhlükәlidir. Oksigenlә X. bir sıra oksidlәr әmәlә gәtirir (әn mühümlәri Cl2O, ClO2, Cl2O6 vә Cl2O7); X-un bütün oksidlәri qeyri-stabil vә partlayış tәhlükәlidir. Ammonyakın vә ya ammonium duzlarının xlorlaşmasından alınan binar azot-xlorid NCl3 olduqca partlayan maddәdir. Başqa halogenlәrlә X. halogenarası birlәşmәlәr әmәlә gәtirir. X. üzvi maddәlәrlә qarşılıqlı tәsirdә olur (bax. Hallogenlәşmә). X.-un yüksәk kimyәvi fәallığının sәbәbi Cl2 molekulundan Cl atomlarının әmәlә gәlmәsinә nisbәtәn asan Cl atomunun elektrona hәrisliyinin vә X.-un elementlәrin әksәriyyәti ilә rabitә enerjisinin yüksәk olmasıdır.
Alınması. Praktiki olaraq bütün istehsal edilәn X. NaCl-un (nadir hallarda KCI) sulu mәhlullarının elektrolizi ilә alınır; elektrolizin digәr mәhsulları qәlәvi vә hidrogendir.
Tәtbiqi. X. oksidlәşdirici-ağardıcı maddәlәrin (kalsium-hipoxlorit, natrium-hipoxlorit, xlorlu әhәng), bir çox elementlәrin xloridlәrinin, bir sıra xlor-üzvi mәhsulların (polivinil xlorid, xloropren kauçuku, dixloretan, xloroform, epixlorhidrin vә s.) istehsalı vә suyun tәmizlәnmәsi üçün istifadә olunur.
Zәhәrlidir, selikli qişanı, tәnәffüs yollarını vә ağ ciyәri qıcıqlandırır. 1-ci Dünya müharibәsindә ilk dәfә X.-dan zәhәrlәyici döyüş maddәsi kimi istifadә edilmişdir.










