XOCƏND (1936 ilәdәk Xocәnd, 1936–91 illәrdә Leninabad, 1991 ildәn Xocәnd) – Tac.-da şәhәr. Soğd vil.-nin mәrkәzi. Əh. 174,1 min (2016; әhalisinin sayına görә ölkәnin ikinci şәhәri), aqlomerasiyada 700 mindәn çox. Sırdәrya çayının sahilindә, Fәrqanә vadisinin girәcәyindәdir. Mühüm nәql. qovşağı (avtomobil yolları ilә Düşәnbә ş. vә Özb.-ın şәhәrlәri ilә әlaqәlidir). D.y. st. Beynәlxalq aeroport.
E.ә. 329–328 illәrdә Makedoniyalı İsgәndәr tәrәfindәn qala kimi salınmış vә onun şәrәfinә İsgәndәriyyә Esxata (ʼΑλεξάνδρεια ʼΕσχάτη) adlandırılmışdır. Eramızın 6–8 әsrlәrindә yenidәn qurulmuş şәhәrin ş. hissәsi narınqalaya çevrilmişdir. “X.” adına ilk dәfә 7 әsrin ikinci yarısında Bәlazurinin әsәrindә rast gәlinir. Şәhәr özünün coğrafi mövqeyinә görә (Böyük ipәk yolu onun әrazisindәn keçirdi) sürәtlә inkişaf edirdi. 721–722 illәrdә Xilafәt qoşunları tәrәfindәn tutulmuşdu. Samanilәr dövlәtinin (9–10 әsrlәr) әn iri şәhәrlәrindәn biri olmuşdur. 1220 ildә xәyanәt nәticәsindә monqol qoşunları tәrәfindәn tutulmuş, talan olunaraq dağıdılmış, lakin tezliklә bәrpa edilmişdir (narınqalanın bәrpası yalnız 15 әsrin sonlarında tamamlanmışdı). 14 әsrin ikinci yarısında Teymurilәr dövlәtinin tәrkibinә qatılmış, 16 әsrin әvvәllәrindәn Şeybanilәrin hakimiyyәtindә olmuşdur. İri sәnәtkarlıq vә ticarәt mәrkәzi idi. 18 әsrin ortaları – 19 әsrin ortalarında Buxara, Kokand vә Üro-Tәpә (U r a - T ü b ә) hakimlәrinin qarşıdurma obyekti idi. Buxara yürüşlәri gedişindә 1866 il iyunun 5-dә altı günlük mühasirәdәn sonra rus qoşunları tәrәfindәn tutulmuş vә Türküstan vil.-nin tәrkibinә daxil edilmişdir. 1866–1936 illәrdә rәsmәn X. adlanmışdır. Sırdәrya (1867–87) vә Sәmәrqәnd (1887–1924) vilayәtlәrinin qәza şәhәri idi. 1872 il aprelin 26-da X.-dә şәhәr әhalisinin üsyanı rus qoşunları tәrәfindәn yatırılmışdır. Orta Asiya üsyanının (1916) әsas mәrkәzlәrindәn biri olmuşdur. 1917 il noyabrın 24-dә sovet hakimiyyәti qurulmuşdu. Şәhәrәtrafında basmaçılıq hәrәkatı geniş vüsәt almışdı. 1924–29 illәrdә Özb. SSR-in, 1929 ildәn Tac. SSR-in (1991 ildәn Tac. Resp.-nın) tәrkibindәdir. 1936–91 illәrdә Leninabad, 1991 ildәn yenidәn X. adlandırılmışdır.
Xocәnd qalası (indiki Soğd vilayәt tarix muzeyi).
Sırdәryanın sol sahilindә içqala (6–7 әsrlәr, 13 әsrdә dağıdılmış, 15 әsrin sonlarında vә 18–20 әsrlәrdә bәrpa olunmuşdur); şәhәrin mәrkәzindә Pәncşәnbә bazar meydanında şeyx Müslәhәddinin mәqbәrә kompleksi (1394, 16–17 әsrlәrdә yenidәn qurulmuşdur) vә Came (1912–13; minarә – 1895); örtülü bazar (1954) yerlәşir. Şәhәr 1939 vә 1968 illәr baş planına әsasәn yenidәn qurulmuşdur. 2-ci dünya müharibәsindә hәlak olanların xatirәsinә memorial kompleks (1970), tacik şairi Kamal Xocәndiyә (1996), әmir İsmayıl Samaniyә abidә qoyulmuşdur (2011–12).

Xocәnd. Came mәscidi (solda) vә şeyx Müslәhәddinin mәqbәrә kompleksi (17–18 әsrlәr).
B.Qafurov ad. Dövlәt un-ti (1932), politexnik in-tu (2010; Düşәnbәdәki Tacik texniki un-tin nәzdindә); tarix-diyarşünaslıq muzeyi (1986; Narınqalada), vilayәt kitabxanası (1917), K. Xocәndi ad. musiqili komediya teatrı (1932; 1961–64 illәrdә inşa edilmiş binada, memar S.V.Volkov) vә Dövlәt gәnc tamaşaçılar teatrı (1998) fәaliyyәt göstәrir. K.Xocәndi ad. mәdәniyyәt vә istirahәt parkı (X.-nin mәqbәrәsi vә evmuzeyi ilә birlikdә).
Tacikistanın 20 illiyi müstәqilliyinin ad. çoxfunksiyalı stadion (25 min yer) vә digәr idman qurğuları var.
Şәhәr iqtisadiyyatının әsasını xidmәt sferası tәşkil edir. Onun әsas sektorları: inzibati vә maliyyә xidmәtlәri, nәql. vә rabitә, ticarәt, mәdәniyyәt, tәhsil, sәhiyyә, turizm (o cümlәdәn işgüzar; X.-dә hәr il Beynәlxalq ticarәt yarmarkası keçirilir) vә onunla әlaqәdar sahәlәr. “Suqd” azad iqtisadi zonası fәaliyyәt göstәrir. X. aqlomerasiyası ölkәnin mühüm sәnaye areallarından biridir. Yüngül vә tamlı mәhsullar sәnayesi, maşınqayırma, metal emalı inkişaf etmişdir. Pambıq vә ipәk iplik vә parça (o cümlәdәn tәqr. 10 növ әnәnәvi atlaz parça) ev tekstili, geyim istehsalı, (o cümlәdәn cins parçadan; mәhsulun әsas hissәsi ixraz edilir) üzrә çoxsaylı müәssisә (“Xocәndatlaz”, Tacikistan-İtaliya “Cavoni”, Tacikistan-Amerika “Tekstil Siti”, Tacikistan-Vyetnam “BT-Silk” vә s.); “Kayrakkum xalçaları” f-ki; iri konserv kombinatı (üzüm, meyvә-tәrәvәz emalı); “Xucәnt ticarәtmaş” (ictimai iaşә müәssisәlәri üçün avadanlıqlar) vә “Xocәnd-ZİL” (qoşqu istehsalı, trolleybusların tәmiri) zdları fәaliyyәt göstәrir. Santexnika mәmulatları, polimerbeton borular vә s. istehsal edilir.










