XOLESİSTİT (yun. χολή – öd + χύοτις – kisә) – öd kisәsinin iltihabı. Çox vaxt öddaşı xәstәliyindә (daşlı X.), viruslu hepatit vә digәr infeksion xәstәliklәrdәn sonra, xroniki infeksiya ocağı olduqda (mәs, tonzillit) baş verir. X.-in inkişafına ödün durğunluğu kömәk edir. Çox vaxt xolangitlә birlәşir. X. gedişinә görә kәskin vә xroniki ola bilәr. K ә s k i n X.-in әsas әlamәtlәri: qarnın sağ yarısında tutmaşәkilli ağrılar; ürәkbulanma vә qusma; bәdәn temp-runun artması; sarılıq vә qaşınma ola bilәr. Tәhlükәli ağırlaşması peritonitdir. X r o n i k i X. ürәkbulanma, sağ qabırğaaltı nahiyәdә küt ağrılar, yemәkdәn sonra xoşagetmәz hissiyyatla özünü göstәrir. M ü a l i c ә s i: antibiotiklәr, mikrob әleyhinә vә d. dәrmanlar, öd qovucu vә spazmolitik preparatlar; xüsusi pәhriz; duodenal zondlama. Kәskin X.-dә vә konservativ müalicә nәticә vermәdikdә cәrrahi müdaxilә (xolesi stektomiya) aparılır.
H e y v a n l a r d a – öd kisәsinin iltihabı, adәtәn xolangitlә müşayiәt olunur. Öd axacaqlarının öd daşları ilә tıxanması, öd kisәsinin selikli qişasının qıcıqlanması, yaxud öd kisәsinin diskineziyası, oraya mәdәaltı vәzi şirәsinin tökülmәsi nәticәsindә baş verir. Öd kisәsindә ödün uzun müddәt durğunlaşması suyun vә öd turşularının ondan sorulması ilә nәticәlәnir. Öd turşularının azalması ödün bakterisid xassәsinin zәiflәmәsinә sәbәb olur, nәticәdә bağırsaq çöplәri, stafilokokklar, streptokokkların inkişafına şәrait yaranır. Mikroorqanizmlәr onikibarmaq bağırsaqdan limfogen vә hematogen yollarla öd kisәsinә daxil ola bilir. Öd kisәsinin içәrisindәki qatılaşmış öd vә mikrob biotası daim iltihabi prosesi saxlayır. Öd kisәsindәn öd axmasının pozulması zamanı mexaniki sarılıq әlamәtlәri meydana çıxır. Heyvan davamlı, yaxud dövri olaraq qızdırır, hәzm pozulur. Qәbizlik ishalla әvәz olunur, nәcis boz gil rәngli olub kәskin çürümüş iyi verir. Xırda heyvanlarda gәyirmә vә qusma baş verir. İrinli proseslәrdә növbәlәnәn qızdırma, leykositoz, palpasiya vә perkussiya zamanı qara ciyәr nahiyәsindә ağrı qeyd olunur.










