XOMEYNİ Ruhullah (tam adı Seyid Ruhullah Musәvi Xomeyni) (24.9.1902, Xomeyn – 3.6.1989, Tehran) – İran İslam inqilabının (1979) lideri, İranın ali rәhbәri (1979–89). Ruhani Seyid Mustafa Musәvinin ailәsindә doğulmuşdur. 5 aylıq olarkәn atası öldürülmüş, 15 yaşında anasını itirmiş, bibisinin himayәsindә böyümüşdür. İlk tәhsilini bitirdikdәn sonra 19 yaşında Ərak elmi hövzәsinә getmiş, orada Mәhәmmәd Gülpay qani, Mәhәmmәdәli Burucerdi kimi şәxsiyyәtlәrdәn dәrs almışdır. 1921 ildә elmi hövzә Quma köçürüldükdәn sonra ora getmiş, bir çox görkәmli alimin, o cümlәdәn Hairi Yәzdinin dәrslәrindә iştirak etmişdir. Molla Sәdra vә Hadi Sәbzәvarinin fәlsәfәsini dәrindәn mәnimsәmişdir. 6 il Mәhәmmәdәli Şahabadinin yanında irfanı öyrәnmişdir. Şahabadi Qumu tәrk etdikdә yerinә X.-ni tәyin etmiş vә belәliklә dә X. 1930 ildәn islam elmlәrinin tәdrisinә başlamışdır. Onun әn mәşhur tәlәbәlәri Mürtәza Mütәhhәri, Mәhәmmәd Fazil Lәnkәrani, Ayәtullah Cәfәr Sübhani, Seyid Əli Xamenei, Haşimi Rәfsәn cani vә b.-dır.

1937 ildә Mәkkә vә Nәcәfi ziyarәt etmişdir. Nәcәfdә әrәb islahatçısıMәhәmmәd Əbdühün vә “İxvani-müslimun” (“Müsәlman qardaşlar”) cәmiyyәtinin lideri Hәsәn әl-Bәnnanın (1906–49) әsәrlәri ilә tanış olmuşdur. 1930-cu illәrin sonlarında İran şahının islahatlarına cavab olaraq ruhanilәr tәrәfindәn hәyata keçirilәn “İslamın әzәli paklığına qayıdış” hәrәkatının iştirakçısı idi. 1940-cı illәrdә ilahiyyatçıların müsәlman cәmiyyәtini idarә etmәk hüququnu elan etmiş, 1950-ci illәrin әvvvәllәrindә müctәhid tituluna layiq görülmüşdür. 1942 ildә Pәhlәvilәr sülalәsinin idarәçiliyinin qanunsuzluğunu әsaslandırdığı “Sirlәrin açılması” әsәrini nәşr etdirmişdir. 1963 ildә xalqa onu şaha qarşı mübarizәyә sәslәyәn müraciәtnamә ünvanlamışdır. Bundan sonra hәbs edilәrәk Tehrana gәtirilmişdir. Lakin X.-nin hәbsi kütlәvi etirazlara sәbәb olduğundan o, azad edilmişdir. 1964 ilin oktyabrında ABŞ vәtәndaşlarının xüsusi statusu haqqında qanunu tәnqid etdiyinә görә yenidәn hәbs olunmuş, şah islahatlarının әleyhdarı vә şiә ruhanilәrinin siyasәtdә iştirakının tәrәfdarı kimi Türkiyәyә sürgün edilmişdir. Bir müddәtdәn sonra İraqa getmiş vә 13 il Nәcәf ş.-ndә yaşamışdır. İranın İraqa tәzyiqlәrindәn sonra isә Parisә köçmüşdür. İrandan uzaqda olsa da, ölkәdәki mәslәkdaşları ilә әlaqәlәrini saxlamışdır. Sürgündә olarkәn yazdığı “İslam idarәçiliyi” adlı әsas әsәrindә müsәlman ölkәlәrindә teokratiya quruluşunun yaradılmasının vә hakimiyyәtin müsәlman ruhanilәrә verilmәsinin vacibliyini әsaslandırmışdır. İslam inqilabı zamanı şah ailәsi İranı tәrk etdikdәn sonra, 1979 il fevralın 1-dә İrana qayıtmışdır. 1979 il dekabrın 3-dә onun tәşәbbüsü ilә ölkә konstitusiyası qәbul edilmişdir. Konstitusiyaya görә, İranın dövlәt quruluşu islam respublikası olmuş, ali icraedici, mәhkәmә vә qanunverici hakimiyyәt fәqihә (bax Vilayәtifәqih), daha doğrusu X.-yә verilmişdi. Hazırda yalnız İranda ictihad hüququ qalmaqdadır. 1979 ildә X. sonradan dini liderin әsas dayağına çevrilmiş İslam İnqilabı Keşikçilәri Korpusunu (SEPAH) yaratmışdır. Ömrünün sonunadәk ABŞ vә İsrailә qarşı düşmәn münasibәtdә olmuş, Fәlәstin vә Livana maddi vә hәrbi dәstәk vermişdir. Tehranda Behişti-Zәhra mәzarlığındakı İmam Xomeyni türbәsindә dәfn edilmişdir.
Xomeyni - şәhr. Azad İslam Universitetinin filialı.
X.-nin ictimai-siyasi ideologiyası bir tәrәfdәn ortodoksal islam tәliminә, digәr tәrәfdәn isә fәlsәfi-irfani dünyagörüşünә әsaslanır. Bu iki istiqamәtin üzvi vәhdәt yaradaraq ictimai-siyasi sәviyyәdә aktuallaşması, passiv fәrdi dini tәcrübәnin aktiv ictimai şәkil alması X.-nin özünәqәdәrki vә öz dövründәki dini vә fәlsәfi-irfani tәlimlәrin, hәmçinin ictimai quruluşlar vә siyasi ideologiyaların boşluqlarını müәyyәnlәşdirә bilmәsi ilә şәrtlәnir. Onun dini-fәlsәfi görüşlәrinin mәrkәzindә sosiallıq problemi dayanır. O, cәmiyyәtdә ilahi nizamı vә әdalәti bәrqәrar edә bilәcәk yeganә qüvvә kimi dini gördüyü üçün, onu siyasәtlә uzlaşdırır. O göstәrir ki, peyğәmbәrlәrin missiyası әsas etibarilә hüquqyaratmadan ibarәtdir vә mәhz buna görә dә hüquqyaratma sәlahiyyәti yalnız dinә mәxsusdur. X. fiqh sahәsindә ibadәt mәsәlәlәrindәn daha çox ictimai münasibәtlәr, iqtisadiyyat, dövlәt idarәçiliyi vә siyasәt mәsәlәlәrinә diqqәt ayırır. O bunu Quranda ictimai münasibәtlәrә dair ayәlәrin ibadәtә dair ayәlәrdәn dәfәlәrlә çox olması ilә әsaslandırır. Onun fәlsәfi sistemindә insan real dünyada cәmiyyәt daxilindә öyrәnilir; insanın yaradılış mәqsәdi ilahi tәbiәtin yer üzündә gerçәklәşmәsi vә cәmiyyәtdә ilahi nizamın bәrqәrar olmasıdır. Buna görә dә özünütanıma vә Allahı tanıma X.-dә hәm fәrdi, hәm dә ictimai sәviyyәdә üzә çıxır. X. insanın kamillәşmәsindә “ağ lövhә” nәzәriyyәsinin tәrәfdarıdır: insan iradәyә malikdir vә öz mahiyyәtini özü yaradır. Ağıl vә düzgün әxlaq vasitәsilә fitrәti gerçәklәşdirәn insan ilahi biliyә – tövhidә çatmış olur. Odur ki, müsәlman üçün şәriәt mәqsәd yox, va sitәdir. X.-yә görә, Allahla ünsiyyәtin başlıca şәrti Allahın әn üstün atributu olan әdalәti özündә reallaşdırmaqdır. X.-nin fәlsәfi sistemindә fәrdi vә ictimai sәviyyәdә öyrәnilәn bütün mәsәlәlәrin son qayәsi tövhiddir, çünki “bütün alәm Allahın tәzahürüdür”.
X.-nin başlıca әsәrlәri: “Misbahül-hidayәt” (“Hidayәt çırağı”), “Sirrüs-sәlat” (“Namazın sirri”), “Şәrhi-çehel hәdis” (“Qırx hәdisin şәrhi”), “Əl-Haşiyә әlәl-әsfar” (Molla Sәdranın “Əsfar” әsәrinә haşiyәlәr), “Kәşfül-әsrar” (“Sirlәrin açılması”), “Vilayәti-fәqih”, “Rahi-eşq” (“Eşq yolu”), “Vәsiyyәtnamә”. Şeirlәr divanıda var.










