XOMYAKÓV Aleksey Stepanoviç [13.5.1804, Moskva – 5.10.1860, Ryazan qub.-nın (indiki Lipetsk vil.) İvanovskoye k.] – rus filosofu, ilahiyyatçısı, publisist, şair; erkәn slavyan ofilliyin banisi (bax Slavyanofillәr); Peterburq EA-nın m. üzvü (1856). Dvoryan nәslindәndir. Ev tәhsili görmüş, Moskva Un-tindә riyaziyyat e.n. elmi dәrәcәsini almaq üçün imtahan vermişdir (1821). 1822–25 illәrdә hәrbi xidmәtdә olmuşdur. İstefaya çıxdıqdan sonra әdәbi fәaliyyәtlә mәşğul olmuş, müxtәlif jurnallarla әmәkdaşlıq etmişdir. Zemstvo mәclisinin çağırılması vә islahatlar yolu ilә tәhkimçilik hüququnun lәğv edilmәsi tәrәfdarı kimi tanınmışdır. Vәba epidemiyası zamanı kәndlilәri müalicә edәrkәn özüdә yoluxaraq ölmüşdür.
Slavyanofillik X.-un “Köhnә vә yeni haqqında” mәqalәsi ilә (1839) intişar tapdı. O, polemik tәrzdә yazdığı çoxsaylı yazılarında pravoslavlığın üstünlüyünü göstәrir, katolisizm vә protestantizmi tәnqid edirdi. Görüşlәrinin mәrkәzindә insan şәxsiyyәtlәrinin Allahla әlaqәsini tәmin edәn xüsusi ontoloji instansiya kimi Kilsә haqqında tәlim durur (“Kilsә vahiddir”, 1864 ildә dәrc edilmişdir). Bu tәlim rus fәlsәfәsindә şәxsiyyәt vә ümumvәhdәt konsepsiyasının inkişafında mühüm rol oynadı.
X.-un ilahiyyata dair Praqada vә Berlindә nәşr olunmuş әsәrlәri (1868) Rusiyada senzura tәrәfindәn qadağan edildi (qadağa 1879 ildә götürüldü). P.A.Florenskinin “Xomyakov әtrafında” mәqalәsindә (1916) X.-un tәlimi sәrt tәnqid olunur.
X.-un fәlsәfi idrak konsepsiyasında R.Dekartdan etibarәn Qәrb fәlsәfәsi üçün sәciyyәvi olan gnoseologiyanın kömәyilә ontologiyanın әsaslandırılması dini ontologiyanın kömәyi ilә qnoseologiyanın әsaslandırılması ilә әvәzlәndi: şüurun ilahi reallıqla qovuşması aktı istәnilәn idrak formasının әsasını tәşkil edir; X. bu aktı canlı bilgi, hәyat-bilgi adlandırır vә o, bütöv şәxsiyyәt tәrәfindәn onun bütün bacarığı ilә hәyata keçirilir. Rasional idrak ikinci dәrәcәli vә xüsusidir, o yalnız hәmin akt әsasında mümkündür. X. tamamlanmamış “Ümumdünya tarixi haqqında qeydlәr”indә (“Semiramida: tarixi ideyalar hәqiqәtinin tәdqiqi”; 1860 ildә qismәn, 1871–72 illәrdә tam nәşr edilmişdir) alman romantiklәrinin, İ.Q.Fixte vә G.V.F.Hegelin tәsiri altında fәlsәfi-tarixi konsepsiyasını irәli sürdü: tarix ilahi mütlәqin dünyada tәcәssümüdür vә hәr xalq bu prosesdә özünәmәxsus şәkildә iştirak edir; tarixin ziddiyyәtli xarakteri onda iki başlanğıcın – azadlıq vә zәrurәtin bir-birinә qarşılıqlı tәsiri ilә şәrtlәnir.
X.-un erkәn lirikası romantizm ruhundadır; başlıca mövzusu şairin vәzifәsi vә poeziyanın mahiyyәtidir (“Şair”, 1827; “İlham”, 1828 vә s.). “24 şeir” kitabı sağlığında çap olunmuş (1844) yeganә poeziya toplusudur. “Yermak” (1832) vә “Yalançı Dimitri” (1833) mәnzum faciәlәrinin müәllifidir.










