XÓRTİ (Horthy) Mikloş (18.6.1868, Solnok komitatlığı, Kendereş ş. – 9.2.1957, Portuqaliya, Eştoril) – Macarıstan hakimi (1920–44). Nüfuzlu zadәgan ailәsindә doğulmuşdur. 1886 ildә Fiume ş.-ndә (indiki Riyeka, Xorvatiya) hәrbi-dәniz mәktәbini bitirmiş, Vyanada hәrbi-dәniz idarәsindә xidmәt etmişdir. 1909–14 illәrdә imperator I Frans İosifin dörd fligel-adyutantından biri idi. Birinci dünya müharibәsi zamanı kreyserә komandanlıq etmişdir (1914 ilin dekabrından). 1918 ilin fevralından hәmin ilin oktyabrınadәk kontr-admiral rütbәsindә Avstriya-Macarıstan HDD-sinin komandanı olmuş, oktyabrın sonunda Habsburqlar monarxiyasının devrilmәsi vә donanmanın Serb, Xorvat vә Sloven krallığına verilmәsindәn sonra vitse-admiral rütbәsindә istefaya çıxmışdır. 1919 il mayın sonunda D. Karoyinin Segeddәki macar hökumәtinin hәrbi naziri olmuşdur.
Macarıstanda kral hakimiyyәtinin bәrpasından (1920, 16 fevral) sonra X. ordunun baş komandanı vәzifәsini saxlamaqla regent seçildi (1920, 1 mart). X. hökumәtinin Macarıstanı xarici siyasi tәcriddәn çıxarmaq cәhdlәri İtaliya vә B.Mussolini (1927 il müqavilәsi), 1930-cu illәrdә isә nasist Almaniyası ilә yaxınlaşmasına sәbәb oldu. Almaniya Trianon sülh müqavilәsinә (1920) görә әrazisinin tәqr. 2/3 hissәsini itirәn Macarıstanın әrazi iddialarını dәstәklәmәyә hazır olduğunu bildirdi: Münxen sazişindәn (1938) sonra Almaniya vә İtaliyanın birinci Vyana arbitrajının qәrarı ilә Cәnubi Slovakiya әrazisinin vә Karpataşırı әrazilәrin bir hissәsi Macarıstana qaytarıldı. Macarıstanın nasist Almaniyası ilә yaxınlaşması fonunda rejimin tәkamülü baş verir, sağ radikalların, faşistyönümlü partiyaların Macarıstanın siyasi hәyatında mövqelәri güclәnirdi. İkinci Vyana arbitrajının qәrarı ilә 1940 ilin avqustunda Transil vaniyanın şm.-ş. hissәsi Macarıstanın tәrkibinә qatıldı. 1940 ildә Macarıstan Üç dövlәtin paktına (1940) qoşuldu, 1941 ilin aprelindә Yuqoslaviyanın parçalanmasında iştirak etdi, 1941 il iyunun 27-dә SSRİ-yә müharibә elan etdi vә sovet cәbhәsindәki hәrbi әmәliyyatların iştirakçısı oldu. 1943 ilin әvvәllәrindә Don yaxınlığında Macarıstan ordusunun mәğlubiyyәtindәn sonra X.-nin yaxın әtrafı Macarıstanı müharibәdәn çıxarmağa çalışsa da, bu cәhdlәr 1944 il martın 19-da ölkәnin nasist vermaxtı tәrәfindәn işğalı vә әn azı 410 min macar yәhudisinin mәhvinә gәtirib çıxarmış holokostun törәdilmәsilә nәticәlәndi. X. 1944 il oktyabrın 16-da nilaşistlәrin qiyamı nәticәsindә devrildi, alman qoşunları tәrәfindәn әsir götürülәrәk Almaniyaya aparıldı, lakin 1945 ildә müttәfiq qüvvәlәr tәrәfindәn azad olundu. Yuqoslaviyanın X.-ni hәrbi cani kimi mәhkәmәyә vermәk tәlәbi onun nasist Almaniyası ilә әlaqәlәrini kәsmәk cәhdlәrinә görә qalib dövlәtlәr tәrәfindәn dәstәklәnmәdi. Müxtәlif hәbs düşәrgәlәrindә vә Nürnberq hәbsxanasında saxlanıldıqdan sonra X. azad edildi, 1948 ildә Portuqaliyaya köçdü vә ömrünün sonunadәk orada yaşadı.










