XORVATLAR (özlәrini h r v a t i adlandırırlar) – 1) Xorvatiyanın vәtәndaşları; 2) cәnubi slavyan xalqı, Xorvatiyanın әsas әhalisi. Sayları 3,9 mln. nәfәrdir (2011). Serb-xorvat dilindә danışırlar. Dindarları xristiandır. Hәmçinin Bosniya vә Herseqovinada (544,8 min nәfәr), Serbiyanın şm.-ında (74,6 min nәfәr), Sloveniyada (35,6 min nәfәr), Avstriyanın şm.-ında (19,4 min nәfәr), Monteneqronun c.-q.-indә (6 min nәfәr), İtaliyanın ş.-indә (2,1 min nәfәr), Rumıniyanın c.-q.-indә (tәqr. 800 nәfәr) yaşayırlar. Xorvatiyadan mühacirlәr ABŞ (414,7 min nәfәr), Almaniya (297,9 min nәfәr), Kanada (114,9 min nәfәr), İsveçrә (40,9 min nәfәr), Avstriya (38,8 min nәfәr) vә s. ölkәlәrdә mәskunlaşmışlar.

Kajun – әnәnәvi xorvat evi. İstriya yarımadası.
X.-ın әcdadları Balkan y-a-na, ehtimal ki, Karpatönüdәn gәlmişdilәr. Ənәnәvi mәdәniyyәtlәri Cәnub-Şәrqi Avropa xalqları üçün sәciyyәvidir. Pannoniyada, әsasәn, taxılçılıq, bağçılıq, üzümçülük, maldarlıq, Dәnizyanıda bağçılıq vә üzümçülüklә mәşğuldurlar. Şimali Xorvatiyada bal istehsalı, hәmçinin krujevaçılıq YUNESKO-nun qeyri-maddi mәdәni irs siyahısına daxil edilmişdir. Sәnәtkarlığın digәr sahәlәrindәn dulusçuluq, toxuculuq (Pannoniya), ağac, metal vә dәri emalı yayılmışdı. Dәnizyanıda daş evlәri, yoxuşlu dar küçәlәri olan Aralıq dәnizi tipindә şәhәrlәr; onların planı antik dövrdәn saxlanılmşdır; Pannoniyada şәhәrlәrin çoxu 18–19 әsrlәrdә qalaların әtrafında meydana gәlmişdir. Kәnd mәskәnlәrindә, adәtәn, küçәlәr salınır, dağlıq yerlәrdә vә Dalmasiyada mәskәnlәr pәrakәndә formada olur. Evlәri, әsasәn, hündür daş bünövrә üzәrindә kәrtmә (brvnara), Pannoniyada isә dirәkli (soşnitsa, soyenitse) evlәrdir; şm-q.-dә Alpyanı әrazilәrdә Sloveniya evinә ox şardır, qalereyası vә dördyamaclı damı var; Savaboyunda hәmçinin möhrә evlәr, Sava-Drava çayarasında çubuqhörmә evlәr (pleteruşa), dağlıq yerlәrdә vә Dәnizyanıda yonulmamış daşlardan tikilmiş evlәrdir. Çilәkәn, saman vә qamışdan olan dam iki yamaclı, c.-ş.-dә isә dördyamaclıdır. Adәtәn evlәrdә ocağı (oqnişşe), yaxud sobası olan mәrkәzi otaq (kuça) olur; yataq otaqları vә anbar (kamora) kuçaya bitişik tikilir.

Ənәnәvi geyimli xorvat qadınları. Split-Dalmasiya bölgәsi.
Ənәnәvi geyimlәri, әsasәn, kәtandan (Pannoniya), mahuddan (Dinar vil.), Dәnizyanıda hәmçinin ipәkdәn olur. Qadın geyimi tunikayabәnzәrdir, tikmә ilә bәzәdilmiş köynәk vә zәngin bәzәdilmiş önlükdәn, bәzәn tikilmiş yubkadan (suknya), uzun, yaxud gödәk qolsuz köynәkdәn ibarәtdir. Kişilәr tunikayabәnzәr köynәk, kәtan şalvar, dәri, yaxud toxunma kәmәr, mahud vә ya dәridәn qolsuz köynәk, gödәkçә, yaxud plaş (dolame, kepenki, kabanitsa), qışda mahud kaftan (çoxa, koporan, alya, yaçerma), ayaqlarına yun corab geyirdilәr, başlarına xәz papaq, yaxud şlyapa qoyurdular.
Qarşılıqlı yardım, qardaşlıq, kirvәlik adәtlәri, xaç suyuna salma mәrasimi saxlanılır. Üç üqnum dövrәlәmә mәrasimi (lele), xaçla bayram nümayişlәri, müq. Vlasi bayramı, at üstündә yarış (alka), zәngçilәrin yürüşü, ikisәsli ifa, Aralıq dәnizi mәtbәxi vә s. YUNESKO-nun qeyri-maddi mәdәni irs siyahısına daxil edilmişdir.










