XOTAN – Böyük ipәk yolunun üzәrindә, Xotan vahәsinin Tәklә-Mәkan sәhrasının c. qurtaracağında mövcud olmuş şәhәr-dövlәt. X.-da çıxarılan nefrit Böyük ipәk yolu boyunca yerlәşәn bütün dövlәtlәrә, xüsusilә Çinin Xan imperiyasına ixrac olunurdu. 1 әsrin birinci yarısında X. Yarkәnd hökmdarı tәrәfindәn ilhaqa mәruz qalmış, lakin hәmin әsrin ikinci yarısında müstәqilliyә nail olmuş vә qüvvәtlәnәrәk 13 hakimliyi tabe etmişdi. 66 ildә X. dövlәtini sәrkәrdә Sümoba idarә edirdi. Onun qardaşı oğlu Quande Yarkәndi tutmuşdu. Hәmin dövrdә Böyük İpәk Yolunun Pamirdәn ş.-dәki hissәsindә cәmi iki iri dövlәt – Şanşan vә X. vardı. 1 әsrin sonlarında X. Çin sәrkәrdәsi Ban Çao tәrәfindәn tabe edilmişdi. 2 әsrin әvvәllәrindә “Qәrb ölkәsi” yenidәn müstәqillik qazansa da, 127 ildә Ban Çaonun kiçik oğlu Ban Yun orada Çin süzerenliyini bәrpa etmişdi. Lakin yerli hakimlәr yarımmüstәqil idilәr. 133–134 illәrdәki üsyan nәticәsindә X. hökmdarları sülalәsinin hakimiyyәti bәrpa olundu. 4 әsrdә X.-da 14 iri vә çox sayda xırda buddist monastırı var idi. 448 ildә X. Çindәki ara müharibәsinә qatıldı. 470 ildә jujanlar X.-a basqın etdilәr. 632 ildә Çindә Tan imperiyası yarandıqda X. onun vassalına çevrildi. 665 ildә X. tibetlilәr tәrәfindәn tutuldu. 692 ildә Çin X.-ı tibetlilәrdәn geri aldı vә onu Çinin protektoratına çevirdi. X. hökmdarları siyasi cәhәtdәn tamamilә Çindәn asılı idilәr. 10 әsrdә uyğurların vә Qaraxanilәrin tabe etmәdiyi yeganә şәhәr-dövlәt olan X. uzunmüddәtli müharibәlәr nәticәsindә Qaraxanilәrdәn Kaşqarı aldı (970). 1006 ildә Qaraxanilәr dövlәtinin hökmdarı Yusif Qәdirxan X.-ı tabe edәrәk onun müstәqilliyinә son qoydu. X.-ın әhalisi qısa müddәt әrzindә islamı qәbul etdi. 13 әsrin sonlarında X.-a gәlәn Marko Polo onu müsәlman şәhәri kimi tәsvir etmişdir.










